Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana necə gəldi?
19.11.2019 19:28
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana necə gəldi?

Bildirmək istəyirik ki, Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə 1942-ci ildə Bakını tərk edib, ailəsi ilə birlikdə Tehrana köçüb. Uzun müddət onlar haqqında Azərbaycanda məlumat olmayıb. 1992-ci ildə akademik İsa Həbibbəyli Tehranda o nəslin nümayəndələrini tapıb və görüşə bilib. Çünki onlar özləri də müxtəlif səbəblərdən nəslin nümayəndələri olduğunu etiraf etmək istəməyiblər. 1992-ci ildə Tehranda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəvəsi Teymur Cavanşiri, onun bacısı İrena Cavanşiri və qardaşı Midhət Cavanşiri (Bakıya gələn Martin Cavanşirinin atası) ilə görüşüb. O vaxtkı dövrü mətbuatda, qəzetlərdə bu barədə geniş yazılıb. Hətta hazırda Bakıda səfərdə olan Martin Cavanşiri həmin qəzeti özündə saxladığını bildirib. Daha sonra İsa Həbibbəyli Midhət Cavanşiri ilə Tehranda müxtəlif illərdə bir neçə dəfə görüşüblər.

Çox təəssüf ki, ciddi cəhdlərə baxmayaraq ədibin nəvələrinin Azərbaycana gəlişi baş tutmayıb. Professor Vilayət Quliyevin yazdığı kimi İsa Həbibbəylinin təşəbbüsü ilə 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ərəfəsində ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri ilə əlaqə yaradılıb. Lakin bu dəfə də onların Azərbaycana gəlişləri alınmayıb. 

Hafiztimes.com saytının redaktoru Hafiz Əhmədovun müsahibəsi bu əlaqənin yenidən qurulması üçün əhəmiyyətli olub. Onun vasitəsilə ədibin kötücəsi Pşemişlav Cavanşirinin “Facebook” ünvanını əldə edə bildik. Daha sonra e-mail vasitəsilə ilə atası, ədibin nəticəsi Martin Cavanşiri ilə polyak dilində yazışmalar apardıq. Nəticədə, onların Cəlil Məmmədquluzadənin 150 illik yubileyində iştirak etmələrinə nail ola bildik. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirova, Azərbaycanın Polşadakı səfiri  Həsən Həsənova, o cümlədən əlaqənin qurulmasında xidməti olan Hafiz Əhmədova minnətdarlıq düşür.

Qeyd edək ki, İsa Həbibbəyli 18 noyabr 2019-cu il tarixdə, saat 14:00-da Hafiz Əhmədov ilə telefon əlaqəsi yaradaraq onu Bakıdakı tədbirlərdə iştirak etməyə dəvət edib. Lazım olan zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib.

Böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının ulu babalarının vətəninə gəlmələri hər birimiz üçün qürurverici hadisədir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: