Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəhriyarın xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi
17.09.2014 00:00
  • A-
  • A
  • A+

Şəhriyarın xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

Bu gün AMEA-nın Əsas binasında Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirildi.

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən xatirə günündə Azərbaycan alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar, İraq, Qırğızıstan və Tacikistanın ölkəmizdəki səfirliklərinin nümayəndələri də iştirak edirdilər.

Öncə şairin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Ölməz şairin xatirə gününə həsr olunmuş tədbiri Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva açdı. M.Şəhriyarın Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, fəxri, qüdrətli söz ustadı olduğunu söyləyən G.Baxşəliyeva onun ölməz irsinin nəinki Şərq, o cümlədən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu söylədi: “Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanmışdır. Onun şeirləri dildən dilə düşmüş, bir çox dillərə tərcümə olunmuş, insanların ruhunu oxşamışdır. Bu gün ölkəmizdə çətin elə bir insan tapıla ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin”.

Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına – “Şəhriyar”, - deyə cavab verdiyini xatırladan G.Baxşəliyeva, Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin ilk növbədə, onun şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söylədi.

Şəhriyarın yaradıcılığının həmişə tədqiqatçıların diqqət mərkəzində olduğu qeyd edən G.Baxşəliyeva Budaq Budaqov, Əliməmməd Əbülfəzl, Cəmşid Əlizadə, İsa Həbibbəyli, Həsənəli Məhəmmədi, Əhməd Kaviyanpur, Barfiruş, Məhəmmədbağır Nəcəfzadə, Mübəyyin Məhəmmədhüseyn, Hüseyn Münzəvi, Bəkir Nəbiyev və digərlərinin Şəhriyarın həyat və yaradıcılığı haqqında dəyərli əsərlər qələmə aldığını nəzərə çatdırdı.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında Şəhriyarı dünya ədəbiyyatının görkəmli sənətkarlarından biri kimi dəyərləndirdi: “M.Şəhriyar türk-müsəlman dünyası ədəbiyyatının zəngin xəzinəsinə qiymətli əsərlər vermiş sənətkarlar sırasında dayanır. Tədqiqatçılar Şəhriyar yaradıcılığını müasir dövrün Hafizi səviyyəsində qiymətləndirirlər. Bu, Şəhriyarın dünya ədəbiyyatında böyük yer tutan görkəmli sənətkarlardan olduğunu birmənalı ifadə edir”.

Şəhriyarı İran torpağında yetişən qüdrətli Azərbaycan şairi kimi dəyərləndirən İ.Həbibbəyli şairin azərbaycan dilində yazdığı şeirlərinin ən yüksək zirvədə dayandığını söylədi: “Şəhriyarın türk dili haqqında tezisləri özünün türkcədə yazdığı bədii nümunlərlə bir daha isbat olunub. Şair xalq dilindən yoğrulmuş düşüncənin zirvəsində dayanır. O, İran, Azərbaycan ədəbiyyatında özünəməxsus yol açmış, İranda azərbaycandilli şeirin yeni böyük məktəbini yaratmışdır. Şəhriyar azərbaycandilli, farsdilli şeirin son yüz ildə böyük ustadır. Şair fars dilində zəngin irs qoyub getmişdir. Şərqşünaslar isbat edirlər ki, o, müasir farsdilli şeirin də zirvəsində dayanır”.

İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edərək, böyük rəhbərin şairin 90 illiyində imzaladığı sərəncamın ona dövlət səviyyəsində ehtiramının göstəricisi olduğunu bildirdi.

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Şəhriyar şeirinin əsasını təşkil edən ənənəviçilikdən danışdı, şairin yaradıcılığındakı novator cəhətlərdən söz açdı.

İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pak Ayin tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və tədbirin iki dövlət arasında münasibətlərin nümunəsi olduğunu vurğuladı.

Tədbirdə, həmçinin İranın Azərbaycandakı səfiriliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi, “Vahid” poeziya evinin direktoru Rafiq Şirvani, iranlı alimlər Seyid Hamid Mədəni, Fəriba İbrahimi, Röya Sədri çıxış edərək Şəhriyar yaradıcılığının zənginliyindən, onu xalqa sevdirən səbəblərdən danışdılar.

Sonda Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş filmlər nümayiş olundu və Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi muğam üçlüyünün ifası dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: