www.science.az
14.11.2019 16:22

Gəncə Bölməsinin veb-saytının təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitunda AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimatı olub.

Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov ameagb.az saytının təhlükəsizlik parametrlərinə və bu günün tələblərinə tam olaraq cavab verdiyini bildirib. Texniki məsələlərə, saytda yerləşdirilən xəbərlərin dinamikasına və aktuallığına toxunan alim bildirib ki, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə baş verən bütün elmi proseslər bu saytda öz əksini tapmalıdır. 

Saytı təqdim edən institutun mühəndis-proqramlaşdırıcısı Aqşin Paşayev bildirib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt “Xəbərlər”, “Elanlar”, “Bölmə haqqında”, “İnstitutlar”, “Elmi fəaliyyət”, “Qalereya”, “Nəşrlər” kimi bölmələrdən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi və xəritə mövcuddur. Həmçinin saytdan sosial şəbəkələrə birbaşa keçid imkanı da var.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova isə çıxışında Gəncə bölməsinin əsas fəaliyyət istiqamətlərini əks etdirən ameagb.az saytının dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını, bütün müasir tələblərə cavab verdiyini diqqətə çatdırıb.

Daha sonra institutun baş mütəxəssisi Əfruz Qurbanova çıxış edərək vurğulayıb ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən sayt qurumun güzgüsü rolunu oynamaqla yanaşı, onun beynəlxalq layihələrdə iştirakına geniş imkanlar yaradacaq.

Tədbirdə Gəncə Bölməsinin şöbə müdiri Fərhad Mirzəyev veb-saytın hazırlanmasında göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirib, birgə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Sonda İnformasiya Texnologiyaları İnstitutunda ameagb.az saytının idarə olunması üzrə təlim kursunda fəal iştirak etdiyinə görə F.Mirzəyev və İlhamə Cəfərovaya müvafiq sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.