Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” monoqrafiyasının təqdimatı olub
29.10.2019 14:41
  • A-
  • A
  • A+

“Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” monoqrafiyasının təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünün tədqiqi tarixşünaslığımızda mühüm elmi istiqamətlərdən biridir. Qeyd edib ki, nəşrdə bu istiqamətdə tədqiqatlar aparılıb və həmin dövrlərdə Naxçıvanın sosial-iqtisadi, onun siyasi tarixinin vəziyyəti araşdırılıb: “Monoqrafiyada tanınmış tarixçi alimlərin, rus müəlliflərin və qafqazşünasların əsərlərinə, o cümlədən arxiv sənədlərinə istinad edilib”.

Akademik XIX əsrdə ermənilərin Naxçıvana köçürülməsi və onun nəticələri, ermənilərin ərazi iddialarının əsassızlığı, əsrin sonlarında regionun kənd təsərrüfatının vəziyyəti və s. məsələlərin də nəşrdə tədqiq edildiyini söyləyib.

Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov çıxış edərək nəşr haqqında fikirlərini bölüşüb, müəllifə elmi fəaliyyətində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: