Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2019 15:53
  • A-
  • A
  • A+

Dövlət Müstəqilliyi Günü Riyaziyyat və Mexanika İnstitutunda qeyd olunub

Dövlət Müstəqilliyi Günü Riyaziyyat və Mexanika İnstitutunda qeyd olunub

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib.

RMİ-nin və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, AHİ-nin sədri, professor Habil Qurbanov və institutun əməkdaşları iştirak ediblər.

Əvvəlcə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov ötən 28 il ərzində Azərbaycanın əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

Daha sonra Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Dövlət Müstəqillik Gününün yaranma tarixi barədə məlumat verib. O, müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd ediib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycan dövlət müstəqilliyi əldə edib, demokratik cümhuriyyət qurub. Təəssüf ki, demokratik dövlətimiz cəmi 23 ay yaşadı. Lakin uzun illər xalqın azadlıq, müstəqillik arzuları sarsılmadı. Nəhayət, 70 il sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqillik qazandı. İlk vaxtlar ciddi problemlər yaşayan Azərbaycanda xalq ulu öndər Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə gətirdi və dövlətimiz dahi rəhbərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yenidən müstəqillik yoluna qədəm qoydu.

B.Muradova vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib.

“Bu gün regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir” – deyə bildirən Milli Məclis sədrinin müavini “Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə neftimizin dünya bazarına ixracının başlandığını qeyd edib. Bildirib ki, bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Tədbirdə RMİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İrada Mirzəzadə və digər çıxış edənlər 28 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi tarixi uğurlar barədə fikirlərini bölüşüblər.

Sonda AMEA-nın müxbir üzvü M.Mərdanov 2019-cu ildə nəşr edilmiş müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” kitabını Bahar Muradovaya təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: