www.science.az
17.10.2019 09:40

Akademik Məhərrəm Məmmədyarovun 95 yaşı tamam olur

Oktyabrın 17-də görkəmli kimyaçı alim, Azərbaycan Respublikasının Dövlət mükafatı, "Şöhrət" və "Şərəf" ordenləri laureatı, AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağlar laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarovun 95 yaşı tamam olur.

Məmmədyarov Məhərrəm Əli oğlu 17 oktyabr 1924‐cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 12 medal və ordenlə mükafatlandırılıb. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını uğurla başa vurub. 1953-1955-ci illərdə Azərbaycan EA-nın Kimya İnstitutunda elmi katib, baş elmi işçi, 1959-1969-cu illərdə isə Neft-Kimya Prosesləri İnstitutunda işləyib. M.Məmmədyarov Azərbaycan EA Naxçıvan Elm Mərkəzinin təşkilatçısı olub, 1973-1979-cu illərdə bu quruma rəhbərlik edib və regionun təbii sərvətlərinin müəyyən olunmasında ciddi rol oynayıb. 1975-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs deyib. Alim, həmçinin 1994-cü ildən 2002-ci ilə qədər Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. 1969‐cu ildən Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağlar laboratoriyasına rəhbərlik edir.

M.Məmmədyarov 1953-cü ildə kimya üzrə fəlsəfə, 1970-ci ildə isə elmlər doktoru dərəcəsini alıb, 1971-ci ildə professor olub. O, 1989-cu ildə AMEA-nın müxbir, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Akademikin əsas elmi istiqaməti yeni sintetik sürtkü yağlarının alınması və neft mikrobiologiyasıdır. Neft-Kimya Prosesləri İnstitutunda əldə olunan nailiyyətlərdən vinilxloridin etileninin yüksək temperaturda katalizatorunun "qaynar layında" xlorlaşması, yeni efir tipli sintetik sürtkü yağlarının alınması texnologiyasının işlənib hazırlanmasını göstərmək olar. Alimin rəhbərliyi altında xüsusi növ mikroorqanizmlərdən istifadə etməklə neft quyularının məhsuldarlığının artırılmasının yeni üsulu işlənib hazırlanıb və sənaye miqyasında sınaqdan keçirilib.

Akademikin elmi tədqiqatlarının nəticələri 320 elmi məqalədə, 3 monoqrafiya və 57 ixtirada öz əksini tapıb. Alimin rəhbərliyi altında 6 elmlər doktoru, 21 fəlsəfə doktoru hazırlanıb.

M.Məmmədyarov 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasını işləyib hazırladığına görə, Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Bundan əlavə, "Şöhrət" və "Şərəf"  ordenləri, Y.H.Məmmədəliyev adına medal, o cümlədən İslam Ölkələri İqtisadi İnkişaf Təşkilatının "OGS" qızıl medalı ilə təltif olunub. M.Məmmədyarov, həmçinin Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Y.H.Məmmədəliyev adına mükafatla və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Görkəmli kimyaçı alimi 95 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.