Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib
03.10.2019 15:43
  • A-
  • A
  • A+

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib

Oktyabrın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən tanınmış türkoloq Güllü Yoloğlu 2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində təşkil edilmiş IX zirvə görüşünü xatırladıb. Bildirib ki, görüşdə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin həmin təşkilatların təsisçi üzvləri olduğunu deyən G.Yoloğlu artıq Özbəkistanın da bu Sazişə qoşulduğunu, Macarıstanın isə müşahidəçi üzv kimi iştirak etdiyini qeyd edib.

G.Yoloğlu Naxçıvan sammitinin türk məkanında inteqrasiyanın formalaşdırılmasının əsas mərhələlərindən biri olduğunu vurğulayıb. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələrinin də məhz Naxçıvan Sazişi ilə müəyyən edildiyi diqqətə çatdırıb. Qeyd edib ki, şura təsis olunduqdan sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində təşkil edilib. G.Yoloğlu növbəti zirvə toplantısının oktyabrın 14-15-də Azərbaycanda keçiriləcəyini qeyd edib.

Sonra çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova şuranın türkdilli dövlətlər arasında elm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində müstəsna rol oynadığını bildirib.

Daha sonra millət vəkili, AMEA-nın professoru Qənirə Paşayeva çıxış edərək türkdilli ölkələrin tanınmış təşkilatlarının beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin təbliği sahəsində fəal rol oynadığını, TDƏŞ-in də dünyada və regionda türkdilli ölkələr arasında müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra uğurlara imza atdığını bildirib.

Tədbirdə "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, tərcüməçi-jurnalist Rafiq Savalan, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Macarıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın ölkəmizəki səfirliklərinin nümayəndələri, eləcə də digər iştirakçılar şuranın təsis olunmasını və keçdiyi yolu türkdilli ölkələr və xalqlar üçün əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.

Sonda Dünya Türkologiya Mərkəzinin yaradılması elan olunub və ictimai birliyin Nizamnaməsi təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: