Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2019 11:12
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan İsmayıl Hacıyev Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə isə Fondun Nizamnaməsinin təsdiq edildiyini bildirib. Qeyd edib ki, məqsəd Naxçıvanda fundamental elmi yeniliklərin stimullaşdırılması, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsi, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsidir.

Müəssisə rəhbəri sözügedən sərəncamla əlaqədar Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra iclasda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə onun bölmənin Fəxri fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul edilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevin “Böyük sərkərdə I Kalbalı xan Kəngərli-Naxçıvanskinin həyatı və fəaliyyəti rus şərqşünası, tarixçi K.Smirnovun elmi əsərlərində” mövzusunda elmi məruzəsi dinlənilib.

Müzakirəyə çıxarılan növbəti məsələ qarşıdan gələn payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub. Bu barədə bölmənin İşlər İdarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov iştirakçılara məlumat verib.

İclasda, həmçinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının fəaliyyəti ilə bağlı laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun çıxışı dinlənilib. O, son illərdə laboratoriyanın əldə etdiyi mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonda aparılan elmi-tədqiqat işləri müzakirə edilib və bu işlərin istehsalatda tətbiqinin artırılması ilə bağlı müvafiq göstərişlər verilib.

İclasda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: