www.science.az
05.09.2019 16:52

Akademik Şahin Mustafayev Tehranda UNESCO-nun tədbirində iştirak edib

3-4 sentyabr 2019-cu il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində UNESCO-nun Tehrandakı nümayəndəliyi, İran Milli Kitabxanası və Arxivlər İdarəsinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirin əsas məqsədi İpək Yolu ölkələrinin zəngin yazılı və sənədli irs nümunələrinin üzə çıxarılması və onların müştərək beynəlxalq nominasiyalar vasitəsi ilə UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi yollarının müzakirəsi olub.

Beynəlxalq tədbirə Avstraliya, Türkiyə, Pakistan, Hindistan, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Özbəkistandan olan ekspertlər, alimlər, arxiv və kitabxana işçiləri qatılıblar. Konfransda ölkəmizi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

İki gün ərzində tədbir iştirakçıları öz ölkələrində UNESCO-nun “Dünya yaddaşı” proqramına uyğun olaraq görülən işlər, İpək Yolu tarixi və mədəniyyəti ilə bağlı mövcud yazılı və sənədli abidələrin tədqiqi, onların əsasında ortaq beynəlxalq layihə və nominasiyaların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Konfransda, həmçinin akademik Ş.Mustafayevin Azərbaycanın qədim İpək Yolu ilə bağlı tarixi, zəngin yazılı mədəni irsi və geniş beynəlxalq əməkdaşlıq potensialı haqqında məruzəsi dinlənilib.

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.