Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasında “Innocamp” innovasiya yay düşərgəsi keçirilib
03.09.2019 11:53
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında “Innocamp” innovasiya yay düşərgəsi keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib. Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində təşkil olunmuş startap turlarının finalçıları iştirak ediblər.

Düşərgədə 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Həmçinin gənclərin innovativ texnologiyaların tətbiqi ilə ideyalarını biznesə çevirmələrinə dəstək olmaq məqsədilə “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” və digər mövzularda seminarlar təşkil edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bu təşəbbüsün əhəmiyyətindən danışıb və gənclərə bu yolda uğurlar arzulayıb.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti və “TC Holdings”in təsisçisi, akselerasiya və ekosistem mütəxəssisi Tal Catron innovasiya ekosistemi barədə fikirlərini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: