www.science.az
12.09.2014 00:00

Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu tamaşaçıların böyük marağına səbəb olub

11-13 sentyabr tarixində Bakı Expo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq keçirilən 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu tamaşaçıların böyük marağına səbəb olub.

“ADEX 2014” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilib. Sərginin təşkilati tərəfdaşları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.

Sərgidə (Bakı Expo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonun təşkilində əsas ideya son illər Azərbaycan müdafiə sənayesi sahəsində əldə olunan uğurların qanunauyğun olmasını göstərməkdən ibarətdir. Sərgidə silahlar sırasında qədim dövrlərin tunc aypara baltaları, dəbilqələri, zireh lövhələri, qılınc və xəncərləri təqdim olunmuşdur. Həmçinin, orta əsrlərə aid halqalı zireh və polad dəbilqələr, nizə, qılınc, toppuz, qalxanlar nümayiş olunur.

Sərgidə iştirakçılarına muzeyin Azərbaycan və ingilis dillərində olan bukletləri, eləcə də “Azərbaycanın müdafiə silahları” kataloqu paylanır.

Pavilyon muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə Muzeyin əməkdaşları tərəfindən hazırlanmışdır. Dizayn işləri muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.