www.science.az
26.08.2019 09:21

Özbəkistanda mədəni irs həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir

Özbəkistanın Daşkənd, Termez, Səmərqənd və Buxara şəhərlərində “Özbəkistan - yolların ayrıcı və sivilizasiya: imperiyalar, dinlər, mədəniyyətlər” adlı mədəni irs həftəsi çərçivəsində 15 tədbir keçirilir.

Tədbirlərdə dünyanın 40 ölkəsindən gələn 300-dan çox şərqşünas alim, ekspert, UNESCO-nun yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti də qonaqlar sırasındadır.

Həftə çərçivəsində Daşkənddə Özbəkistan mədəni irsinin qorunması, öyrənilməsi və populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin üçüncü Beynəlxalq Konqresi, “Kuşan xəzinəsi” və “Özbəkistanın nadir əlyazma abidələri” adlı sərgilər də təşkil olunub. Bu gün isə Termezdə “Özbəkistan - sivilizasiyanın kəsişdiyi məkan” adlı tədbir keçirilib.

Qonaqlar UNESCO-nun himayəsi altında Səmərqənddə keçiriləcək “Maddi və qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” adlı tədbirdə, həmçinin “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində iştirak edəcəklər.

Mədəni irs həftəsi avqustun 27-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.