Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 60 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb
15.08.2019 10:06
  • A-
  • A
  • A+

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu 60 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb

Bu il respublikada riyaziyyat elminin əsas mərkəzlərindən olan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun yaradılmasının 60 ili tamam olur. Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel 1959-cu il tarixli qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyası Fizika və Riyaziyyat institutları əsasında müstəqil iki institut ─ Fizika İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu yaradılıb.

1959-cu ildə Riyaziyyat və Mexanika İnstitutu yeni təsis edilərkən onun əsas tədqiqat sahələri funksional analiz və onun tətbiqi, funksiyalar nəzəriyyəsi, diferensial və inteqral tənliklər, cəbr və topologiya, hesablama riyaziyyatı və riyazi kibernetika olub. Həmin dövrdə institutda 6 şöbə, 1 laboratoriya və 1 hesablama mərkəzi fəaliyyət göstərib. İnstitut yarandıqdan sonra onun tərkibinə Cəbr və riyazi məntiq, Riyazi fizika tənlikləri, Riyazi analiz, Qeyri-harmonik analiz, Sürüncəklik nəzəriyyəsi, Hesablama riyaziyyatı və informatika, Maye və qaz mexanikası, Tətbiqi riyaziyyat, Optimal idarəetmə şöbələri, Siqnalların emalının riyazi problemləri kimi yeni şöbə və laboratoriyalar əlavə edilib.

60 illik fəaliyyəti ərzində Riyaziyyat və Mexanika İnstitutu ölkədə riyaziyyat elminin əsas mərkəzinə çevrilib, riyaziyyat və mexanikanın inkişafında, uğurlu elmi nəticələrin qazanılmasında böyük nailiyyətlər əldə edib.

İnstitutun inkişafında, Azərbaycanda riyaziyyat və mexanika elmi məktəblərinin yaranmasında, ölkəmiz üçün yüksəkixtisaslı elmi kadrların hazırlanmasında Mstislav Keldış, Andrey Kolmoqorov, Nikolay Musxelişvili, Andrey Tixonov, Yaroslav Lopatinski, Xəlil Raxmatulin, Aleksey İlyuşin kimi sovet alimlərinin müstəsna xidmətləri olub. Azərbaycanda riyaziyyat və mexanika sahələrinin inkişafında akademiklər Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Məcid Rəsulov, Azad Mirzəcanzadə, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Fəraməz Maqsudov, akademiyanın müxbir üzvləri  Maqsud Cavadov, Yusif Əmənzadə, Qoşqar Əhmədov, Mais Cavadov, Yəhya Məmmədov və Arif Babayevin xidmətləri əvəzsizdir.

Müəssisədə aparılan elmi tədqiqatlar və SSRİ-nin aparıcı elmi mərkəzləri ilə sıx beynəlxalq əməkdaşlıq nəticəsində Riyaziyyat və Mexanika İnstitutu artıq 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin riyaziyyat və mexanika üzrə ən qabaqcıl elmi mərkəzlərindən birinə çevrilib. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində qısa müddət ərzində ölkədə siyasi stabillik bərpa olunub, iqtisadi inkişafın təməli qoyulub, elm və təhsil sahəsində geniş islahatlara başlanılıb. Bütün bunların nəticəsində Riyaziyyat və Mexanika İnstitutu özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

İnstitut alimləri beynəlxalq əlaqələrini genişləndirib, xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirib, beynəlxalq və respublika qrant müsabiqələrində iştirak edib və AMEA-nın elmi tədqiqat proqramlarının qalibi olublar.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, institutun 60 illiyi ilə əlaqədar “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfransın keçirilməsi, nəşrlərin hazırlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: