www.science.az
06.08.2019 15:47

Beynəlxalq İnformatika Olimpiadası çərçivəsində 13-cü “IOI” konfransı keçirilib

Məlumdur ki, Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir.

Avqustun 6-da “Boulevard Hotel”də olimpiada çərçivəsində 13-cü “IOI” konfransı keçirildi. 2007-ci ildən keçirilən yarım günlük “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir. Konfransda Azərbaycan və xaricdən olan müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene tədbir iştirakçılarını salamlayaraq Bakıda keçirilən olimpiadanın əhəmiyyətindən söz açıb, konfransın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb, jurnal barədə ətraflı məlumat verib. Qeyd etdi ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatların nəşrinə həsr olunmuş bu beynəlxalq jurnalın çapı hər il təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Onun sözlərinə görə, jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

Daha sonra konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüter öyrətmək və öyrənmək üçün mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış edib.

Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” adlı seminar keçirilib.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.