Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin naməlum planet haqqında nəzəriyyəsi Avropanın nüfuzlu jurnalında dərc edilib
05.08.2019 11:16
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin naməlum planet haqqında nəzəriyyəsi Avropanın nüfuzlu jurnalında dərc edilib

Günəş sistemində axırıncı böyük planet (Neptun) 1846-cı ildə fransız və ingilis alimləri tərəfindən kəşf olunub. Növbəti planetin axtarışına 170 ilə yaxın vaxt sərf olunsa da, bu sahədə müsbət nəticə əldə edilməyib. Axtarışlar yalnız çoxsaylı daha kiçik cisimlərin (asteroid, cırtdan planet və koyper cisimləri) tapılmasına gətirib çıxarıb. Bu günlərdə AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Rüstəm Quliyevin bu problemə həsr etdikləri məqalə Avropanın nüfuzlu jurnalı olan “Acta Astronomica”da dərc olunub.

Məqalədə AMEA-nın müxbir üzvü Ə.Quliyevin uzun illər ərzində işləyib hazırladığı nəzəriyyə öz əksini tapıb. Bu nəzəriyyəyə görə növbəti planet Günəşdən təxminən 330 a.v. (1 a.v. təxminən 150 milyon kilometrə bərabərdir) məsafədə böyük meyil bucağı altında hərəkət edir. Planet komet sistemində müəyyən təlatümlər yaradır ki, onların da aşkar edilməsi üçün müəlliflər tərəfindən riyazi alqoritmlər işlənib. Planetin kütləsinin Yerin kütləsinə nisbətən bir neçə dəfə böyük olması ehtimal olunur. Rüstəm Quliyevin hesablamaları göstərib ki, bu göy cisminin məlum planetlərlə qarşılıqlı qravitasiya təsiri çox cüzidir. Onun parlaqlığı o qədər zəifdir ki, yalnız ən böyük teleskopların (güzgüsünün diametri 5 metrdən yuxarı) və kosmik missiyaların axtarışa cəlb olunması lazımi nəticəni verə bilər.

Azərbaycan alimlərinin yeni məqaləsi naməlum planetin sistemli axtarışı ilə məşğul olan müşahidəçilər üçün dəyərli mənbədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: