www.science.az
19.07.2019 15:57

“Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın həmmüəllifi olduğu “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap edilib.

Nəşrdə xalqımızın qiymətli bədii sənət əsərlərindən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu və bu günkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir. Bundan əlavə, qədim el sənətlərindən və xalçaçılığın ilk nümunələrindən sayılan keçəçilik, toxuculuq sənəti, xalçaçılığın inkişafında mühüm rol oynayan boyaçılıq və digərləri ilə bağlı müəlliflərin apardığı araşdırmalar yer alıb.

Qeyd edək ki, 9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb və Tədbirlər Planı təsdiq edilib. Həmçinin Muxtar Respublikanın Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.