www.science.az
16.07.2019 09:10

Akademiyada ədəbiyyatdan - akademizmə

Azərbaycan akademik elmi mühitində "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin yaranması və fəaliyyəti ədəbiyyatşünas alimlərin bədii yaradıcılığını da ədəbi mühitin diqqət mərkəzinə çəkməyə, onlardan ayrıca bəhs etməyə şərait yaratmışdır. 

Artıq üçüncü kitabı nəşr olunan "Plyus bədii yaradıcılıq" almanaxında toplanan şeirlər və bədii nəsr nümunələri elmi-ədəbi mühitin ədəbiyyatçı elm adamlarının bədii yaradıcılığını daha aydın surətdə təsəvvür etməsinə imkan verir. Bu il altıncısı keçirilən "Fizika və lirika" konfranslarında irəli sürülən elmi ideyalar və tezislər, "Ədəbiyyatşünaslıq plyus" şairlərinin bədii yaradıcılıqlarının özünəməxsus mahiyyətini dərk və şərh etməyə işıq salır. Elmi konfransları ardıcıl olaraq müşayiət edən "Qoşa qanad" layihəsi elmi id-rakla bədii düşüncənin sintezi və vəhdətini daha əyani şəkildə nəzərə çarpdırmağa xidmət edir. Beləliklə, əvvəlki illərin almanaxında yazdığımız kimi, "Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" almanaxları "Fizika və lirika"nın təcrübi istiqaməti, əksinə, "Fizika və lirika" konfransları isə "Qoşa qanad" layihəsinin nəzəriyyəsi funksiyasını həyata keçirmişdir.

Beynəlxalq səviyyədə keçirilmiş "Fizika və lirika: dünya təcrübəsi, elmin və ədəbiyyatın reallıqları" konfransı (14-16 noyabr 2018 - Bakı, Şamaxı), (22-23 noyabr 2018 - Dubna) "Plyus bədii yaradıcılıq" anlayışının böyük elmin probleminə çevrildiyini əyani surətdə nümayiş etdirir. Xüsusən, bu beynəlxalq elmi konfransın Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında və Şamaxı Astrofizika Rəsədxanasında keçirilən müzakirələrdən sonra Rusiyanın Dubna şəhərindəki Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda yekun iclası ilə tamamlanması məsələyə baxışın genişliyini, dərinliyini, əhəmiyyətini qabarıq surətdə nəzərə çarpdırır. Atom fizikası ilə məşğul olan alimlərin bədii yaradıcılığa göstərdikləri qeyri-adi maraq, fizik akademiklərin sanballı şeir kitabları "Fizika və lirika" münasibətlərinin "Qoşa qanad"ın hər iki qanadı üçün aktual və əhəmiyyətli olduğunu diqqət mərkəzinə çəkir.

Çap olunan "Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" almanaxları, habelə "Fizika və lirika" mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın çap edilmiş materialları elmlə ədəbiyyatın qarşılıqlı əlaqələri haqqında aşağıdakı bir sıra ümumiləşdirilmiş mülahizələr söyləməyə imkan verir.

"Qoşa qanad" elmi və bədii fantaziyanın qarşılıqlı surətdə iştira-kı ilə yaradılmış tədqiqat və ədəbiyyat olub, sadəcə ixtisas sahibləri olan mütəxəssislər və yaradıcı qüvvələr üçün deyil, geniş mənada həm ədəbiyyat, həm də elmin inkişafı üçün yeni və faydalı olan bir baxışdır.

Elm faktorunun iştirak etdiyi ədəbiyyat akademik idrakla bədii təfəkkürün, yaradıcı istedadın sintezi və vəhdətindən yaranmış elmyönlü intellektual ədəbiyyatdır.

Elmyönlü ədəbiyyat-intellektual tipli fərqli bədii yaradıcılıqdır.

İntellektual ədəbiyyat Azərbaycan akademik ədəbiyyatının aparıcı istiqamətini müəyyən edir.

Azərbaycan akademik ədəbiyyatı "Fizika və lirika" konfranslarının nəzəri tezislərinin və "Qoşa qanad" layihəsinin işığında meydana çıxmaqda olan yeni tipli ədəbiyyatdır.

Azərbaycan akademik ədəbiyyatı yeni yaranmaqda olan akademizm ədəbi cərəyanların simasını müəyyən edir.

Akademik ədəbiyyatın yaranması və inkişafında "Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" ədəbi almanaxlarının mühüm rolu vardır.

Akademik ədəbiyyat artıq özünün ədəbi cərəyanını yaratmaqdadır - "Akademizm"!

Akademizm ədəbi cərəyanının əsas yaranma və inkişaf mərkəzi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildən fəaliyyət göstərən "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyidir. Bu yaradıcılıq Birliyi xətti ilə keçirilən tədbirlər, aparılan müzakirələr, nəşr edilən almanaxlar və məqalələr Akademizm cərəyanının hərəkətverici qüvvəsidir.

"Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" ədəbi almanaxları, yaxud poeziya və nəsr antologiyaları Azərbaycan akademik ədəbiyyatının real mənzərəsini əks etdirən güzgü, təkamül proseslərini təsəvvür etməyə imkan yaradan barometr, inkişaf istiqamətlərini müəyyən edən, proqnozlaşdıran bələdçidir.

"Fizika və lirika" konfranslarında mövzu ilə əlaqədar səsləndirilən məruzələr xüsusən, akademik İsa Həbibbəylinin "Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" ədəbi almanaxlarında çap etdirdiyi müqəddimələr və konfranslardakı məruzələri Azərbaycan akademik ədəbiyyatın manifesti funksiyasını həyata keçirir.

"Fizika və lirika: dünya təcrübəsi, ədəbiyyatın və elmin reallıqları" mövzusunda 2018-ci ildə Bakıda başlanan, Şamaxı-Astrofizika Rəsədxanasında davam etdirilən, Dubna şəhərindəki (Rusiya) Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda başa çatdırılan beynəlxalq elmi konfransın kitab halında çap olunmuş materialları ümumiyyətlə elmyönlü intellektual ədəbiyyatın, xüsusən də Azərbaycan akademik ədəbiyyatının elmi-nəzəri dərsləridir.

Azərbaycan akademik ədəbiyyatı - çoxəsrlik ənənəvi ədəbiyyatın ağıla, məntiqi təfəkkürə, rasional düşüncəyə üstünlük verdiyi məqamlar üzərində yaranıb, həmin istiqaməti yaradıcı şəkildə inkişaf etdirərək daha da zənginləşdirən, sistemli bir istiqamətə çevirən intellektual ədəbiyyatdır. İntellektual ədəbiyyat idrakla ilhamın mübarizəsində ilhamın üstün gəldiyi, ağırlıq təşkil etdiyi ədəbiyyatdır.

"Kitabi-Dədə Qorqud" şeirləri və xalq şairi Rəsul Rzanın məşhur "Rənglər" şeir silsiləsi yeni dövr Azərbaycan intellektual ədəbiyyatı üçün ədəbiyyat örnəkləridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən ardıcıl olaraq "Fizika və lirika" konfranslarının təşkil edilməsi, "Qoşa qanad" layihələrinin həyata keçirilməsi AMEA mühitində yaranan ədəbiyyatın və bu elmi mühitdə çalışan yaradıcı qüvvələrin qarşılıqlı əməkdaşlığı və birliyi əsasında ölkə üzrə Akademizm adlı bir ədəbi cərəyanın formalaşdırılmasına "İlham" verir.

Akademizm - Azərbaycan ədəbi cərəyanlar ailəsinin yeni və ən gənc üzvü olmağa namizədlər sırasındadır. Heç şübhəsiz, formalaşma prosesində olan bu ədəbi cərəyan ölkəmizdə yeni tipli elmyönlü və intellektual ədəbiyyatın yaradılması və inkişaf etdirilməsinə özünün real töhfələrini verəcəkdir.

İnanırıq ki, VI "Qoşa Qanad" layihəsinin, "Fizika və lirika" konfransının keçirilməsi, dinləniləcək məruzələr və səsləndiriləcək yeni şeirlər Azərbaycan akademik ədəbiyyat məktəbinin mövcudluğunu, yaxud da yaranmaq ərəfəsində olduğunu nümayiş etdirəcəkdir.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyası mühitində 2014-cü ildən keçirilən "Fizika və lirika" elmi konfransından sonra akademik ədəbiyyata olan maraq tədricən Akademizm ədəbi cərəyanına qədər məsuliyyətli və gərəkli bir yol keçildiyini nəzərə çarpdıracaqdır. Hesab edirik ki, Azərbaycan Akademizm ədəbi cərəyanı özünün mətbu orqanını, ən azı rübdə bir dəfə çıxan elmi-nəzəri və ədəbi orqanını təsis etməklə, bu yeni istiqamətdə yaranıb inkişaf etməkdə olan ədəbiyyatın genişlənməsinə və daha da yetkinləşməsinə təkan vermiş olar.

İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

"525-ci qəzet", 15 iyul 2019-cu il