www.science.az
09.07.2019 16:04

Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr olunan tədbir keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi nailiyyətlərin iqtisadiyyatda tətbiqinin, elmi tədqiqatların davam etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin cari ildə bölmə qarşısında duran əsas vəzifələr olduğunu bildirib.

2019-cu ilin birinci yarısında aparılan elmi-təşkilati işlərin nəticələrini diqqətə çatdıran İ.Hacıyev qeyd edib ki, ötən dövr ərzində bölmə əməkdaşlarının 290 elmi məqaləsi, 101 konfrans materialı olmaqla 403 elmi əsəri çap olunub. Elmi məqalələrdən 14-nün impakt faktorlu jurnallarda işıq üzü gördüyünü deyən bölmə rəhbəri 46 əməkdaşın respublikada və xaricdə keçirilən 15 beynəlxalq tədbirdə məruzələrlə çıxış etdiyini vurğulayıb.

Bundan əlavə, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub, “Naxçıvan tarixi-mənbələrdə”, “Naxçıvan Duzdağı” kitabları çapa təqdim edilib. Bölmədə humanitar və ictimai elmlər seriyası üzrə “Xəbərlər” və “Axtarışlar” jurnallarının hər birinin iki nömrəsi çapdan çıxıb.

Eyni zamanda ilin birinci yarısında bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, 3 qrant layihəsinin icrası isə davam etdirilir.

Qurumun beynəlxalq əlaqələrindən söz açan bölmə sədri Qazaxıs­tan­, Türkiyə, İran, Rusiya, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlığın aparıldığını bildirib.

Bölmə sədri vurğulayıb ki, ixtisaslı elmi kadrların hazırlanması, tətbiqyönümlü işlərin həyata keçirilməsi, ümumiləşdirici əsərlər, monoqrafiya və kitabların hazırlanması əsas vəzifələrdən biri olmalıdır: “Bununla yanaşı, əməkdaşların beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda iştirak etməsinə, respublikanın və xarici ölkələrin elm, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə, arxivlərdə araşdırmaların aparılması və digər tədbirlərin həyata keçirilməsinə diqqəti artırılmalıyıq”.

Sonda akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Fəxrəddin SəfərliƏbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edib, gələcəkdə aparılacaq tədqiqatların səmərəliliyini yüksəltməyin zəruriliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.