Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2019 14:30
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan seminar keçirilib

Şərqşünaslıq İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan seminar keçirilib

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.

Tədbiri institutun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzaladığını xatırladıb. Akademik sözügedən sərəncamlardan irəli gələrək rəhbərlik etdiyi müəssisədə “Nəsimi qrupu”nun yaradıldığını və xüsusi Tədbirlər Planının hazırlandığını bildirib. Qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq Şərqşünaslıq İnstitutunda şairlə bağlı monoqrafiya hazırlanır, əsərlər tərcümə olunur, o cümlədən mütəmadi seminarlar keçirilir.

Sonra AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzəsi dinlənilib. O, çıxışında bildirib ki, XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsiminin bilavasitə fəlsəfi təlim zəminində yetişdiyini deyən S.Xavəri qeyd edib ki, ədibin şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanır: “Nəsimi poeziyası orta əsrlərin məfkurə məhdudiyyətinə qarşı yönəlmiş fikrin üsyanıdır. İstər ayrılıqda Azərbaycan, istərsə də bütövlükdə ümumtürk bədii fikri tarixində şair və ictimai mühit konflikti az-az hallarda bu qədər kəskin xarakter alır. Şərqdə, o cümlədən Azərbaycanda Nəsimidən əvvəl və sonra yaşayıb yaratmış bütün şairlər “gərdun”, “fələk”, “dövr”, “dünya” və s. ifadələr altında ictimai mühitə qarşı etiraz edirdilər”.

Alim Nəsimi poeziyasının milli bədii düşüncə tariximizdə özünəməxsusluğu ilə seçildiyini və onun filoloji, fəlsəfi və sosioloji aspektlərdən təhlil olunmasının vacibliyini vurğulayıb. S.Xavərinin sözlərinə görə, Nəsiminin varlığı dərketmə modelinin təməlində haqq (Allah), cahan, insan, söz anlayışları dayanır. O, həmçinin Nəsimi poeziyasında insan obrazının orta əsrlər poetik fikir tarixində ən yüksək zirvəyə qalxdığını söyləyib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında çıxışlar olub, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: