Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
24.06.2019 10:06
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident İlham Əliyevin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə bağlı fərmanlarını iştirakçıların diqqətinə çatdırıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun “Xalq yaradıcılığında sevginin Ərtoğrol Cavid nümunəsi” mövzusunda elmi məruzəsi dinlənilib. Tədqiqatçı alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 aprel 2019-cu il tarixli “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı xatırladıb. O, bu sənədi Ərtoğrol Cavid şəxsiyyətinə, irsinə böyük hörmət və ehtiram göstəricisi ilə yanaşı, həm də elmimizin, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğının təzahürü kimi yüksək dəyərləndirib.

Qeyd edib ki, Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavid qısa, lakin mənalı həyat yolunda Azərbaycan elmi, ədəbi, mədəni mühitində özünəməxsus iz qoyub. 200-dən çox unudulmaqda olan el nəğmələrini, folkloru, xalq musiqisi və rəqslərini toplayıb nota köçürüb, onlara ikinci həyat verib. Bildirilib ki, AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbəri, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunan 13 cildlik “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” toplusunun 10 cildində Ərtoğrol Cavidin ölkənin müxtəlif bölgələrindən topladığı folklor nümunələri əksini tapıb. Diqqətə çatdırılıb ki, 3 cildlik “Naxçıvan folkloru antologiyası”na da Ərtoğrol Cavidin topladığı həmin folklor nümunələri daxil edilib.

Daha sonra elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına müsabiqə üçün sənəd qəbulunun yekunu barəsində bölmənin elmi katibi Rəşad Zülfüqarov məlumat verib.

İclasda Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov isə bölmənin elmi müəssisələrində 2019-cu ilin birinci yarısında aprılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatın keçirilməsi haqqında çıxış edib.

Sonra Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək Naxçıvan Muxtar Respublikasında xüsusilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisinin mövcud olduğunu, onlardan 30 növünün rəsmi dərman bitkisi kimi qəbul edildiyini söyləyib. Bildirib ki, institutun əməkdaşları muxtar respublika ərazisinə təşkil edilən ekspedisiyalar vastəsilə həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və həmin maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib: “Hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılan reseptlər əsasında təqribən 100-dən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayırlar”.

Qeyd edilib ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda - ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olur.

İclasda, həmçinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə bölmənin Fəxri fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: