Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 3.16-ya qalxıb
21.06.2019 16:10
  • A-
  • A
  • A+

“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 3.16-ya qalxıb

Dünyanın ən mötəbər elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” (əvvəlki “Thomson Reuters”) 2019-cu il üçün illik hesabatını açıqlayıb. Hesabat ötən dövr üçün sözügedən bazanın siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt amillərinin (keyfiyyət dərəcəsi) dinamikası haqqında məlumatı əks etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təsis etdiyi “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalı 254 beynəlxalq nəşr arasında 10-cu yerdə qərarlaşıb. Jurnalın təsir əmsalı 2.365-dən 3.16-ya qalxıb. Bu göstərici Avropa ölkələri arasında 4-cü, keçmiş sovetlər birliyində birinci yer deməkdir. Jurnalın indiyədək 44 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dək məqaləsi dərc olunub.

“Applied and Computational Mathematics”in baş redaktorlarından biri akademik Fikrət Əliyev deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda dərc olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Clarivate Analytics”in genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, jurnalda tətbiqi riyaziyyat və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap olunur. Nəşr edildiyi 18 il ərzində jurnal 47 ölkədən 250-dən çox elmi müəssisə ilə mübadilə həyata keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: