Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

11.06.2019 12:42
  • A-
  • A
  • A+

Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub

Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub

AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığına aid ayrı-ayrı dövrlərdə qələmə alınan məqalələrin, müxtəlif səpkili materialların yer aldığı “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub.

Oncildliyin ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, layihə rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Tədbir iştirakçıları əvvəlcə 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə Naxçıvan şəhərində Hüseyn Cavidin məzarı üzərində əzəmətlə ucaldılan məqbərəsi önünə gələrək gül dəstələri qoyub, Hüseyn Cavidin Ev-Muzeyini ziyarət ediblər.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavid Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Bölmə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı, Hüseyn Cavid irsinin davamçısı Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması, belə bir əlamətdar ildə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Cavidşünaslıq” 10 cildlik dəyərli toplunun təqdimatının ilk olaraq onun doğulduğu diyarda keçirilməsi böyük tarixi hadisədir. Kitabda yer alan materiallar Cavid irsini araşdıran tədqiqatçılar üçün əsaslı mənbə rolunu oynayacaq.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyan görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılığı XX əsrin 20-30-cu illərində ədəbi tənqidin və mətbuatın diqqətində olub. “Burjua-millətçi” baxışlarına, turançılıq görüşlərinə malik olan, sovet cəmiyyətinə laqeyd münasibət bəsləyən sənət adamı kimi 1937-ci ildə həbs olunan böyük ədib 1956-cı ildə siyasi bəraət alıb. Buna baxmayaraq, əllinci illərin sonlarınadək Hüseyn Cavid haqqında ciddi bir məqalə yazılmayıb.

İsa Həbibbəyli vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq son yarıməsrlik müddətdə Hüseyn Cavidin həyatı və çoxcəhətli yaradıcılığı geniş və sistemli şəkildə tədqiq edilib. Bir sıra alimlər görkəmli ədibin poeziya və dramaturgiyası, ədəbi-nəzəri görüşlərinə dair sanballı elmi-tədqiqat əsərləri yazaraq nəşr etdiriblər: "Azərbaycan cavidşünaslığın keçdiyi bir əsrlik böyük və keşməkeşli yol çoxcildlik külliyyatı yaratmağa imkan verir. Ümumilikdə, 30 cildlik nəzərdə tutulan toplunun bu gün təqdimatı keçirilən ilk 10 cildliyi gələcək tədqiqatçılar üçün etibarlı, əsaslı məxəzdir".

AMEA-nın vitse-prezidenti “Cavidşünaslıq” çoxcildliyini görkəmli şairin bütöv şəxsiyyətinə və ölməz sənətinə ucaldılmış elmi abidə adlandırıb.

Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında yeni nəşrin böyük romantik şair və filosof haqqında möhtəşəm bir dövrün tarixini geniş şəkildə əks etdirdiyini, onun ədəbi-bədii düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan yaratdığını qeyd edib.

Daha sonra Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxışında rəhbəri olduğu muzeyin mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, “Cavidşünaslıq” 10 cildlik kitabda böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında çoxsaylı məqalə və resenziyalarla yanaşı, bütün məlumatlar öz əksini tapıb. Toplunun növbəti cildləri üzərində də işlərin davam etdirildiyini deyən Gülbəniz Babaxanlı vurğulayıb ki, özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Tədbirdə Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru Bəhruz Axundov çıxış edərək elmi nəşrin əhəmiyyətindən danışıblar.

Sonda AMEA Naxçıvan Bölməsinə və muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarına “Cavidşünaslıq” 10 cildlik, Ərtoğrol Cavidin seçilmiş əsərlərindən ibarət 13 cildlik, Azərbaycan ədəbiyyat tarixi kitabları, eləcə də Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət disklər hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: