Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.06.2019 09:24
  • A-
  • A
  • A+

Bakıda akademik Çingiz Qacarın şəxsi muzeyi fəaliyyət göstərir

Bakıda akademik Çingiz Qacarın şəxsi muzeyi fəaliyyət göstərir

Xəbər verdiyimiz kimi, cari il iyunun 6-da görkəmli fizikaçı alim, Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın 90 yaşı tamam oldu. Azərbaycanın tanınmış alimlərindən olan Ç.Qacar ilk dəfə olaraq etil, propil, izopropil spirti molekullarının və etilmerkaptanın fırlanma spektrlərini deşifrə etmiş, onların quruluş-konformasiya təhlilini aparmış, struktur parametrləri və dipol momentlərini təyin etmişdir. 200-ə yaxın elmi əsərin müəllifi olan akademikin rəhbərliyi altında 24 fəlsəfə, 8 elmlər doktoru hazırlanmışdır.

Dövlət Mükafatı və “Şöhrət” ordeni laureatı olan Ç.Qacarın Bakı şəhərində şəxsi təşəbbüsü ilə yaradılmış muzeyi fəaliyyət göstərir. Fizika sahəsində çalışan insanların, alim və mütəxəssislərin üzünə açıq olan bu muzeydə tanınmış alimin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür.

Muzeydə Ç.Qacarın özünün müəllifi olduğu kitablar, onun haqqında yazılan əsərlər, monoqrafiyalar, eləcə də qədimi xalçalar, nüfuzlu şəxslərlə, alimlərlə çəkilmiş xatirə fotoşəkillərini əhatə edən eksponatlar yer alıb.

Burada görkəmli alimin uşaqlıq dövrü və ailə üzvlərinə dair şəkilləri, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fakt və sənədləri də görmək olar.

Muzeyin ziyarətçiləri arasında Çingiz müəllimin yaratdığı elmi məktəbin davamçıları, yetişdirdiyi gənc alim və tədqiqatçılar da var. Onlar muzeyə mütəmadi olaraq baş çəkir, buradakı qiymətli əsərlərlə, maraqlı eksponatlarla tanış olur, həm də böyük alimlə ünsiyyət qura bilirlər.

Qeyd edək ki, ömrünün ahıl çağında, 90 yaşında olmasına baxmayaraq bu gün də fizika elminə töhfələr verməkdə davam edən, yazıb-yaradan, Azərbaycan elminin inkişafı yolunda əzmlə çalışan Ç.Qacar cari ildə elmi ictimaiyyətə müəllifi olduğu 3 kitabı təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: