Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2019 12:49
  • A-
  • A
  • A+

Akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan beynəlxalq seminar keçirilib

Akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan beynəlxalq seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı, akademik Mirabbas Qasımovun 80 illiyinə həsr olunan “Spektral nəzəriyyə və onun tətbiqi” mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbir bu elm müəssisəsi, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası, Xəzər Universitetinin Riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İraq və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alim M. Qasımovun mənalı ömür yolundan, elmi yaradıcılığından danışıb. Bildirib ki, M. Qasımov 1964-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin elmi şurasında “Şturm-Liuvill tənliyinin iki spektrə görə həlli” namizədlik dissertasiyasını müdafiə edib. Həmin il o, Moskvanın Fiziki-Texniki İnstitutunda assistent vəzifəsində işə başlayıb və 1965-ci ildə müsabiqə yolu ilə F. E. Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunub.

Qeyd edilib ki, 1967-ci ildə M.Qasımov Moskva Dövlət Universitetində “Öz-özünə qoşma və öz-özünə qoşma olmayan diferensial operatorların bəzi məsələləri” mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib və bu iş ABŞ-da ingilis dilinə tərcümə edilib. Alim 1968-ci ilin sentyabrından Azərbaycan Dövlət Universitetinin professoru vəzifəsində çalışıb, 1972-ci ildən 2007-ci ilədək Tətbiqi Riyaziyyat kafedrasının müdiri olub. O, 1970-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Xüsusi törəməli diferensial tənliklər şöbəsinin müdiri olub. Mirabbas Qasımov 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Diqqətə çatdırılıb ki, riyaziyyat elminin inkişafına dəyərli töhfələr verən akademik M. Qasımov 100-də çox elmi məqalənin müəllifi olub. Onun rəhbərliyi altında təqribən 70 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. 

Beynəlxalq tədbirdə Azərbaycan və digər ölkələrdən olan tanınmış alimlərin elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.

Seminar öz işini üç bölmədə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: