www.science.az
30.05.2019 16:36

“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)” kitabının təqdimatı olub

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi Moisey Bekkerin müəllifi olduğu “XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, professor Lalə Əhmədova ictimaiyyətə təqdim olunan kitabın elmi dəyərindən danışıb. Bildirib ki, nəşrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tarixi sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında yəhudi etnik qrupu nümayəndələrinin iştirakı məsələləri ətraflı işıqlandırılıb və qarşılıqlı münasibətlərin problemləri araşdırılıb. Eyni zamanda, yeni mədəni-tarixi birliyin yaranması prosesində Azərbaycan dövlətinin təhsil, dil və din siyasətinin rolu göstərilib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədə tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasında tarixi dostluq tellərini möhkəmləndirib. Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə isə çıxışında yeni nəşrdə bütün dövrlərdə Azərbaycan xalqının öz tolerantlıq ənənələrinə sadiq qaldığının qeyd olunduğunu bildirib.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük məsləhətçisi Tofiq Abbasov və digər çıxış edənlər təqdimatı keçirilən kitabla bağlı fikirlərini bölüşüb, onun tariximiz üçün dəyərli nəşr olduğunu vurğulayıblar.

Sonda kitabın müəllifi Moisey Bekker tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.