Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.05.2019 15:47
  • A-
  • A
  • A+

"Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası" mövzusunda elmi sessiya keçirilib

"Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası" mövzusunda elmi sessiya keçirilib

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası" mövzusunda elmi sessiya keçirilib.

Görkəmli şair, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilən sessiya çərçivəsində ədibin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil edilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynovun "Müasirimiz Cəfər Cabbarlı" mövzusunda məruzəsi dinlənilib. O, sessiyanın Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. Qeyd edib ki, XX əsrin ilk onilliyi Azərbaycan ədəbiyyatına yeni ədəbi yaradıcılıq metodları, janr və üslub müxtəlifliyi gətirmiş yazıçıların dərin məzmunlu əsərlərilə zəngindir. O, bu səpkidə çoxşaxəli bədii fəaliyyəti ilə bənzərsiz irs qoymuş şair, dramaturq, hekayəçi, kinossenarist, rejissor, aktyor və ictimai xadim Cəfər Cabbarlının xüsusilə seçildiyini söyləyib.

Cəfər Cabbarlının gənc yaşlarından etibarən əsərləri, tərcümələri və məqalələrilə xalqımızın vətənpərvər duyğularının, azadlıq ideyalarının oyanmasına çalışdığını deyən R.Hüseynov yazıçını Azərbaycanın ən böyük istiqlal şairi adlandırıb. Bildirib ki, C.Cabbarlı Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi "Azərbaycan bayrağına", "Sevdiyim", "Sevimli ölkəm" və digər şeirlərlə xalq arasında milli dövlətçilik ideyalarının güclənməsinə çalışıb.

Akademik, həmçinin şairin öz yaradıcılığında Azərbaycan dilinin saflığının qorunmasına çalışdığını bildirib, C.Cabbarlının müasir ədəbi dilimizin modelini formalaşdıran şəxslərdən biri olduğunu diqqətə çatdırıb. Bundan əlavə, dramaturqun Azərbaycan milli kinosunun yaranması və inkişafında misilsiz xidmətləri olduğunu, C.Cabbarlı tərəfindən "Hacı Qara", "Sevil", "Almaz" bədii filmləri ilə Azərbaycanın ilk milli kino ssenarisinin yazıldığını vurğulayıb.

R.Hüseynov, o cümlədən Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən bədii filmin ekranlaşdırılmasının zəruriliyini bildirib.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı", muzeyin elmi işçiləri - filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın "Onun sənət məbədi", filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın "Cəfər Cabbarlının qiymətli dəfinəsini hifz edən Nizami Muzeyi" və Ülviyyə Həsənovanın "Cəfər Cabbarlı məktublarında olduğu kimi" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: