Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvanda duz istehsalı və ticarəti tarixinə dair məruzə dinlənilib
20.05.2019 11:24
  • A-
  • A
  • A+

Naxçıvanda duz istehsalı və ticarəti tarixinə dair məruzə dinlənilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq rəhbərlik etdiyi qurumun “Xəbərlər” və “Axtarışlar” jurnallarının redaksiya heyətində dəyişiklik edilməsi ilə bağlı iştirakçılara məlumat verib. O, hər iki jurnalın redaksiya heyətinə tanınmış xarici ölkə alimlərinin cəlb edilməsinin zəruriliyini vurğulayıb, həmçinin dizayn və nömrə formatlarının dəyişdirilməsi ilə bağlı təkliflərini irəli sürüb.

İ.Hacıyev, həmçinin akademiyanın elmi jurnallarının keyfiyyətinin artırılması məsələsinin AMEA Rəyasət Heyəti tərəfindən diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, bu istiqamətdə “AMEA-da nəşr olunan jurnallar haqqında”, “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkminləşdirilməsi haqqında” və “AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi haqqında” sərəncam və qərarlar qəbul olunub.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “XIX-XX əsrin əvvəllərində Naxçıvanda duz istehsalı və ticarəti tarixindən (Rus mənbələri əsasında)” mövzusunda məruzəsi dinlənilib. Qeyd edib ki, Naxçıvanda duz çıxarılması qədim dövrdən mövcud olub və 1870-ci ildə şəhərdən tapılan daş balta və külünglər də bunu təsdiq edir.

Y.Rəhimov XIX əsrdə istehsal edilən duzun Naxçıvanın bütün kəndlərinə, o cümlədən Gəncəyə, Qarabağa, Şuşaya və başqa yerlərə ixrac olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Naxçıvan daş duz yataqları XIX əsrin əvvəllərində diyarda olan rus tədqiqatçıları, səyyahları və sənayeçilərinin diqqətini özünə cəlb edib. Alim 1833-cü ildə rus müəllif Vasili Qriqoryev tərəfindən tərtib edilən “Naxçıvan əyalətinin statistik təsviri” kitabında XIX əsrin I yarısında Naxçıvandan Azərbaycanın bir sıra yerlərinə qatırla yük aparıldığı barədə məlumatların yer aldığını deyib.

Bundan əlavə, 1857-1866-cı illərində Duzdağda 2.6 milyon pud ölçü vahidində duzun hasil edildiyini söyləyib.

Məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: