Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəmsə”nin üçüncü poemasının yeni nəşri
20.05.2019 11:01
  • A-
  • A
  • A+

“Xəmsə”nin üçüncü poemasının yeni nəşri

Nizami “Xəmsə”sinin Azərbaycan Respublikasının Əməkdar rəssamı Fəxrəddin Əli Vəli oğlunun tərtibatında beş cilddə nəzərdə tutulmuş yeni nəşrinin üçüncü cildi də işıq üzü görmüşdür (2018). Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Azərbaycan ədəbiyyatı və xalqımızın mənəvi irsinə olan sayğı və diqqəti sayəsində geniş oxucu kütləsinə ərməğan edilən bu nəşrlər Nizami sənətinin öyrənilməsi və təbliği sahəsində atılan uğurlu bir addım olub, bizi böyük şairimizin yüksək ideallarına daha da yaxınlaşdırır. Dahi sənətkarın getdikcə daha da doğmalaşan ölməz yaradıcılığı öz aktuallığını artıraraq həyatın qarşıya çıxardığı problemlərlə daha yaxından səsləşir.

Nizaminin Şərq ictimai-bədii fikrinin inkişafında orijinal mərhələ təşkil edən zəngin irsi milli və coğrafi sərhədləri aşaraq Azərbaycan hüdudlarından kənarda da şöhrətlənmiş, məhəbbətlə oxunmuş, öyrənilmiş, təqdir olunaraq izlənilmişdir. Nizami haqqında görkəmli şəxsiyyətlər fikir söyləmiş, şairin ənənələrini davam etdirən məşhur söz ustaları əsərlərində Gəncə ustadının tərifinə xüsusi bölmələr həsr etmiş, sələflərinin sənət dühasını alqışlamışlar.

Şairin dünya mədəniyyətinə bəxş etdiyi möhtəşəm sənət abidəsi olan “Xəmsə” əsrlər boyu istedadlı xəttatlar tərəfindən köçürülərək əlyazmalar şəklində geniş yayılmış, Bakı, Daşkənd, Təbriz, Tehran, İstanbul, Dehli, London, Oksford, Paris və başqa mədəniyyət mərkəzlərinin kitabxanalarının arxiv və əlyazma xəzinələrini bəzəmişdir.

Yaxın Şərqdə hələ XIII əsrdən başlayaraq tarix, coğrafiya kitabxanalarında şairin yaradıcılığından bəhs olunmuş, Məhəmməd Ovfidən tutmuş Hindistan, İran, Özbəkistan, Türkiyə və Azərbaycanda yazılan təzkirələrdə Nizamiyə və onun yaradıcılığına xüsusi yer ayrılmışdır. Nizami irsinin öyrənilməsi ilə bağlı fars, rus, türk, hind alimləri və Qərbi Avropa tədqiqatçıları maraqlı araşdırmalar aparmışlar.

Bununla belə, Nizami yaradıcılığı şairin öz vətənində daha böyük məhəbbətlə, daha ətraflı öyrənilmiş, şairin öz əsərləri və tarixi məlumatlara istinadən yazılmış elmi tərcümeyi-halı Azərbaycanda ərsəyə gəlmiş, Nizami əsərlərinin nəşri, tədqiqi və təbliği işlərində, xüsusilə şairin soykökü, doğulduğu yer, yaradıcılığının doğma xalqın şifahi ədəbiyyatı, Azərbaycan folkloru ilə çoxcəhətli bağlılığı, əsərlərində türk əhval-ruhiyyəsinin aydın əksi və başqa bu kimi səciyyəvi xüsusiyyətlərinin aşkar edilib öyrənilməsində Azərbaycan nizamişünaslığının böyük əməyi olmuşdur.

Nizami əsərlərinin hələ XVII əsrdən başlayaraq Hindistanda, İranda, Qərbi Avropada nəşr olunmasına baxmayaraq, “Xəmsə”nin elmi-tənqidi mətninin mükəmməl nəşrinə Azərbaycanda başlanılmışdır. Şairin 800 illik yubileyi ərəfəsində görkəmli şərqşünas alim Y.E.Bertelsin rəhbərliyi və akademik Ə.Əlizadənin yaxından iştirakı ilə keçmiş SSRİ-nin Elmlər Akademiyası tərəfindən “Xəmsə”nin o dövrdə məlum əlyazmalarından istifadə yolu ilə (“Yeddi gözəl” istisna olmaqla) tənqidi mətni yaradılmışdır. Öz mükəmməlliyi ilə bir çox ölkələrin arxivlərində saxlanılan “Xəmsə”lərdən fərqlənən bu mətn əsasında müxtəlif illərdə şairin əsərlərinin Azərbaycan, rus dillərinə poetik tərcümələri yaranmış, sonradan bu tərcümələr orijinalla yoxlanılaraq redaktə edilib, dəfələrlə nəşr olunmuşdur.

Qeyd olunduğu kimi, çap olunan üçüncü cild Nizami “Xəmsə”sinin “Leyli və Məcnun” poemasına həsr olunmuşdur. Məlum olduğu kimi, Nizami özünə qədər Yaxın Şərqdə geniş yayılmış Əbu Məhəmməd Abdulla ibn Quteybənin (818-829) “Əş-şeir vəş-şuəra” (Şeir və şairlər), Əbul Fərəc İsfahaninin “Kitabul-əgani” (Nəğmələr kitabı) antologiyalarında, Məcnunun lirik şeirlərini toplamış Əbubəkr əl-Valibinin “Əxbarül-Məcnun və əşaruhu” (Məcnunun əhvalı və şeirləri) əsərində əksini tapmış bu mövzunun Yaxın Şərq xalqları içərisində pərakəndə halda yayılmış xalq yaradıcılığı nümunələrini vahid süjet ətrafında toplayaraq sələflərindən əsaslı şəkildə fərqlənən ölməz sənət abidəsi ucaltmışdır.

Nizami 1188-ci ildə Şirvanşah Axsitanın sifarişi ilə qələmə aldığı poemanın “Kitabın yazılmasının səbəbi” adlanan bölməsində məktubla ona müraciət edən şahın şairdən Məcnun ilə Leyli məhəbbəti haqqında yeni bir eşq dastanı yaratmaq istədiyi bildirilir. Şah Nizamiyə bu əsəri fars və ərəb sözləri ilə zinətləndirməyi tövsiyə edərək:

Torki sifəte vəfaye-ma nist,

Torkanə soxən səzaye-ma nist.

An kəs nəsəbe-bolənd zayəd,

Ura soxəne-bolənd bayəd.

(Türklük bizim vəfa sifətimiz deyil,

Türksayağı söz bizə layiq deyil.

Yüksək nəsəbdən doğulan adama,

Yüksək söz lazımdır).

- deyirdi.

Ədəbiyyatşünaslıqda şahın dilindən deyilmiş bu sözlər birmənalı şərh olunmur. Görkəmli nizamişünas V.Dəstgirdi şairin bu misralarında “Şahnamə” müəllifi Firdovsi ilə Sultan Mahmud arasındakı əhvalata işarə etdiyini bildirir. Türk əsilli Sultan Mahmudun vədinə əməl etməyib böyük İran şairi Firdovsiyə “Şahnamə” üçün vəd elədiyi mükafatı vermədiyini nəzərdə tutduğunu göstərir.

Tədqiqatçıların digər bir qismi isə bu misralarını Axsitanın Nizami əsərlərində açıq-aydın duyulan türk əhvali-ruhiyyəsinə, şairin türkmənşəli sözlərdən faydalandığına etirazının ifadəsi kimi izah edirlər.

Bu da məlumdur ki, “Xəmsə” qəhrəmanları, o sıradan şairin ərəb zəminində yaratdığı Leyli və Məcnun obrazları hələ Nizamidən əvvəl Yaxın Şərq poeziyasında geniş yayılmış, Azərbaycan ədəbi mühitində də məşhurlaşmışdılar. Qətran Təbrizi, Xaqani Şirvani və başqa XI-XII əsr şairləri “Xəmsə” qəhrəmanları və onlarla bağlı əhvalatları tez-tez xatırlamışlar. Nizaminin yaşca böyük müasiri Əfzələddin Xaqani qəsidələrindən birində bu məsələyə toxunaraq:

Dastan şod eşq Məcnun dər cəhan,

Əz cəhan in dastan xahəm qozid.

(Məcnun eşqi cahanda dastan (məşhur) olmuşdur,

Dünyadan bu dastanı seçəcəyəm)

- deyir.

Şairin başqa bir mədhiyyəsində saray əyləncə məclislərinin təsvirində belə bir beytlə rastlaşırıq:

Çəng bin, çun nağeyi - Leyli və zar 

Bange - Məcnun hər zaman bər xaste.

Çəngə bax, Leylinin nağəsi (dişi dəvəsi) kimi ağlayır, 

(Ondan) hər zaman məcnun səsi (fəryadı) qalxır.

XI-XII əsr klassik poeziyamızda tez-tez özünü göstərən belə nümunələr mövzunun Azərbaycanda geniş yayılaraq Nizami yaradıcılığının da qaynaqlarından birinə çevrildiyini təsdiq edir. Axsitanın məktubundan gətirilən beytlər şahın şairi sadə xalq içərisində dolaşan şifahi xalq ədəbiyyatı nümunələrindən çəkindirmək məqsədi daşıya bilərdi.

Hər halda Nizami şahın türklüklə bağlı bu mülahizəsini böyük narazılıq hissilə qarşılamışdır. Ana dilinə olan həqarətli münasibət onu hiddətləndirmiş, bəlkə də elə bu səbəbdən şahın təklifini qəbul etmək istəməmişdir.

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı əmrdən qaçam,

Nə də gözüm vardı xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu macəranı.

Şair sevinc və şadlıqdan uzaq, cansıxıcı bir mövzuda əsər yazmağın çətinliyindən şikayətlənsə də, yeganə oğlu Məhəmməd Nizaminin arzusuna qarşı çıxa bilmir. Mövzu ilə bağlı ərəb yazılı məxəzləri ilə yanaşı, dastan qəhrəmanları haqqında Azərbaycanda yayılmış rəngarəng xalq ədəbiyyatı nümunələrindən də bəhrələnərək çox qısa bir müddət ərzində (dörd ayda) dərin həyati-fəlsəfi məna və poetik təravətini əbədi saxlayan möhtəşəm eşq dastanı yaradır. 

İnsan adının yüksəkliyi, onun cəmiyyətin inkişafındakı əvəzsiz yeri, zəka və qüdrətindən söz açan şair hələ məzmuna keçməzdən əvvəl onu öz şərafətini dərk etməyə, həmişə fəal olmağa, aramağa, axtarmağa, həyatın, kainatın sirlərini öyrənməyə çağırır. Nizami şeirində hələ “Sirlər xəzinəsi”ndən başlayaraq “Xəmsə”də xüsusi yer tutan gənclik, nəsillərin qarşılıqlı münasibəti problemi şairin bu poemasında da ətraflı işıqlanır. Gəncliyi cəmiyyət üçün yararlı olmağa sövq edən şair bilavasitə oxucuya üz tutaraq ona öz ülviyyətini dərk etməyi, boş, keçici işlərdən əl çəkməyi, yüksək arzularla yaşamağı öyrədir:

Təbiət quranda xilqətimizi,

Başqa səhifədə yazmışdır bizi.

Anlayıb, düşünək hər şeyi gərək

Hər sirri açmaqda hünər göstərək

Yerləri, göyləri öyrənək bir-bir 

Qalmasın bizimçün açılmamış sirr.

Əsərdə şairin 14 yaşlı oğlu Məhəmmədə nəsihəti onun gələcək nəslə olan diqqət və qayğısının bədii əksi kimi xüsusilə diqqətəlayiqdir.

Sən aslanlar kimi keç cəbhələrdən,

Yalnız hünərinin balası ol sən.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə ədəblə yaşa.

Nizaminin belə əxlaqi görüşləri içərisində “Az danışmağın gözəlliyi”, dostluq, səmimi yoldaşlıq, dünyaya uymamaq şöhrətə aludəçilik göstərməmək, insanlıq ləyaqətini alçaltmamaq, zülmə qatlaşmamaq və başqa həyati görüşləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

İnsanpərvər şair xalqı sevməyi, ona ürəkdən xidmət etməyi, həmişə xalq işinə yararlı olmağı təbliğ edir:

Çalış işıq kimi ap-ağ olasan!

Pisdən və yaxşıdan uzaq olasan!

Su kimi aləmə həyat ver, can ver,

Hər rəngə uyğunlaş dərdə dərman ver.

Yaxud:

Bağışla atını sən get piyada,

Sillələr yesən də, mərd ol dünyada.

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük, şərəfdir kömək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər.

“Leyli və Məcnun” məhəbbətin qüdsiyyəti, insan eşqinin əzəməti haqqında yazılmış poemadır. Poemanın qəhrəmanları Leyli və Məcnun bir-birini saf, təmiz bir məhəbbətlə sevirlər. Ancaq gənclərin qarşısında keçilməsi mümkün olmayan maneələr dayanır. Bu maneələr və hər şeydən əvvəl qəhrəmanla onu əhatə edən mühit arasındakı uyğunsuzluq sevgililəri ayırır. Qeys Məcnun adlandırılaraq təbiətin saf ağuşuna çəkilir, Leyli isə sevmədiyi bir adama ərə verilir. Əsər hər iki aşiqin ölümü ilə başa çatsa da, onların məhəbbəti məğlub olmur. Nizami pak, təmiz eşqin bu mənəvi qələbəsini özünün yüksək bəşəri ideallarının şərhi ilə birlikdə ifadə edir.

“Leyli və Məcnun” mövzusunun Şərq xalqları ədəbiyyatlarında işlənməsi haqqında əsaslı tədqiqat aparmış görkəmli türk ədəbiyyatşünası A.S.Ləvənd “Leyli və Məcnun” dastanının “Yusif və Züleyxa”, “Xosrov və Şirin”, “Vamiq və Əzra”, “Cəmşid və Xurşid” və başqa qoşa qəhrəmanlı məhəbbət dastanlarından daha geniş yayılaraq daha çox məşhurlaşdığını bildirərək bunun səbəbini müəyyən dərəcə dastanın faciəli sonluğu ilə izah edir. Əlavə etmək istərdik ki, bu hekayədə özünü aydın göstərən məhəbbət azadlığı, şəxsiyyət toxunulmazlığı problemi mövzunun əbədiləşməsində mühüm əhəmiyyət daşımış, onu ölməz etmişdir. Təsadüfi deyildir ki, Məcnun, Leyli obrazları Şərq xalqları folkloru və klassik poeziyada azad məhəbbət carçıları kimi məşhurlaşmışlar.

Nizami insanı alçalmağa vadar edən hərisliyi, tamahkarlığı pisləyir, dünya nemətlərinə aludəçiliyin insanı azadlıq kimi əziz bir nemətdən məhrum etdiyini əsərindəki gündə bir çəngə ot ilə qidalanan qoca zahidin hekayəsində oxuculara çatdırır. Hekayədə deyilir ki, “Bir gün gəzməyə çıxmış adlı-sanlı bir hökmdar xarabalıqda yaşayan bir zahidə rast gəlir. Şah onu hüzuruna gətirdir. Zahiddən niyə xərabədə yaşadığını, burada nə yeyib-içdiyini xəbər alır. Zahid isə bir çəngə quru otu göstərərək yalnız bununla qidalandığını bildirir: 

Bu otun sirrini bilsən, ey insan,

Şahın xidmətindən azad olarsan.

- cavabını eşidən şah atından yerə sıçrayıb zahidin ayaqlarına düşərək:

Azadlıq əzizdir - dedi daima,

Budur sözlərində gizlənən məna.

- deyir.

Hələ “Xəmsə”nin ilk poeması “Sirlər xəzinəsi”ndən başlayaraq Nizaminin epik yaradıcılığında əsas yer tutan insan və cəmiyyət münasibətləri cəmiyyətlə təbiət arasındakı harmoniya “Leyli və Məcnun”da öz əksini daha aydın və çoxcəhətli tapmışdır. Nizami qəhrəmanının təbiətin zinəti olan heyvanlarla ünsiyyətini inandırıcı bir tərzdə təsvir edərək vəhşilərin Məcnuna həmdəm olmasını əsərdə tərənnüm olunan məhəbbətin “ilahi-təsəvvüfi” mahiyyəti ilə deyil, real hadisələr fonunda həyati baxımdan izah edir.

O, tordan, vəhşidən qorxmurdu bir dəm,

Vəhşilər olmuşdu Məcnuna həmdəm.

... Camaat qalmışdı bu işə heyran

Onun vəhşilərlə dost olmağından 

Kimin ki, sevdası, eşqi solmazdı 

Məcnunu görməmiş sakit olmazdı.

Hər gün bir diyardan gələn yolçular

Onun ətrafında tutardı qərar.

Şair Məcnunu ziyarət edənlərin ona yemək gətirdiklərini, Məcnunun isə bu yeməklərdən ancaq bir tikə yeyib qalanlarını vəhşilərə payladığını bildirir. Bunun üçün də heyvanların onunla dostlaşdığını, onu ruzi verən bilib daima qoruduqlarını göstərir. Əsərdə “İt saxlayan padşahla bir gəncin haqqında” verilən hekayə bu baxımdan xüsusilə diqqətəlayiqdir. Hekayənin qısa məzmunu belədir: “Mərv ölkəsində yaşayan qəzəbli bir şah acığı tutduğu xidmətçilərini saxladığı quduz itlərin qabağına atmaqla cəzalandırarmış. Şaha xidmət edən bir gənc onun qəzəbindən qorxaraq saraya gələn gündən həmin itlərə yemək verərək onlarla dostlaşır. Nəhayət, onun ehtiyat etdiyi həmin hadisə baş verir. Gəncə qəzəbi tutan şah onun əl-qolunu bağlatdırıb dərhal itlərin qabağına atdırır. Gənci parçalamaq istəyən itlər onu tanıyıb quyruqlarını bulayaraq diz üstə yatırlar. Bir gündən sonra hirsi soyuyan şah peşman olur, xidmətçilərə gəncin aqibətinin necə olduğunu öyrənməyi tapşırır. Əhvalatdan xəbər tutan kimi gənci hüzuruna çağırıb necə sağ qala bildiyini soruşur. Gənc isə bu “möcüzə”nin sirrini açaraq itlərə yemək verməklə əvvəlcədən onlarla dostlaşdığını söyləyir:

Etdiyim yaxşılıq getmədi hədər,

İtlər öz ağzını möhürlədilər.

Lakin xidmət etdim düz on il sənə,

Axırda bu cürə haqq verdin mənə.

... Dostluğu səndə yox, itdə gördüm mən,

İt bilən hörməti ayaqladın sən.

Gəncin bu sözləri qəddar padşahı qəflət yuxusundan oyadır. O, “insaniyyətin” xoşbəxtlik olduğunu başa düşür, özünün köhnə adətlərindən - “itlik”dən, “itpərəstlik”dən əl çəkir. Nizami oxucuya üz tutaraq bu hekayədən ibrət almağı, səxavətli olmağı, təbiətə, canlılara qayğı göstərməyi tövsiyə edir:

Bunu söyləməkdə bir məqsədim var;

Səxavət qələdir, o, can qoruyar.

Məcnuna bənzəsən insanlıqda sən,

Dünyada nə qüssə, nə dərd çəkərsən.

Xəlifə də yesə süfrəndə nemət,

Yeməyi səndənsə, qulundur əlbət.

Vəfa, sədaqət mücəssəməsi olan Məcnunun təmiz mənəviyyatını onun məhəbbəti daha da saflaşdırmış, ülviləşdirmişdir. Məhəbbət onun təbiətindəki humanizm, insanpərvərlik xüsusiyyətlərini daha da gücləndirərək, mənəvi əzəmətini son həddə çatdırmışdır. Nizami bu əsərində saf təbiəti cəmiyyətin vaxtı keçmiş qayda-qanunlarına qarşı qoymuş, dilsiz-ağızsız vəhşi heyvanları köhnə adətlərə sözsüz itaət göstərən hissiz-duyğusuz insanlardan üstün tutmuşdur. Şair təbiətli Qeys onu çöldə vəhşi heyvanlarla ömür sürməkdən əl çəkib insanlar içərisində yaşamağa çağıranlara müraciətlə:

Sən olduğun yerə çağırma məni,

Xoşdur bu seçdiyim sevda məskəni.

Burda nə düşmən var, nə də əğyar var,

Bizim işimizə qarışmaz onlar.

Əlindən tutanın olmasa bir az,

Ayağından tutub çəkən də olmaz.

- deyir.

Nizaminin ədəbiyyatşünaslıqda haqlı olaraq psixoloji roman kimi qiymətləndirilən “Leyli və Məcnun”da qəhramanla onu əhatə edən mühit arasındakı anlaşılmazlıq özünün çoxcəhətliliyi ilə səciyyələnir. İnsan, onun cəmiyyətdə yeri, yeni nəslin öz sələfinə münasibəti, övlad məhəbbəti, valideyn qayğısı və başqa həyati-fəlsəfi problemlərə geniş yer ayıran şair qəhrəmanlarını dövrün duyan, düşünən ən zəkalı, həssas gəncləri kimi təqdim edir. Sonradan Məcnun adını almış Qeys özünün mənəvi zənginliyi ilə cəmiyyətin fövqünə yüksəlir. Humanist təbiəti, insan arzuları önünə keçilməz sədlər çəkən vaxtı ötmüş adətlərə qəti etirazı ilə müasirlərindən fərqlənir.

Vaxtının ən böyük bir alimiydi,

Aləmi şərh edən loğman kimiydi.

Gizli mənalara o yol açardı,

Qəlbində göylərin min sirri vardı.

Nizami müqəddəs bir məhəbbətlə sevən şair təbiətli, düşüncəli, dərrakəli aşiq olan Məcnunun valideyn sevgisini də uca tutan, zavallı ata-anasını daima ehtiramla xatırlayan bir övlad kimi təsvir edir. Əsərin dramatik səciyyəli yerlərindən biri də ata ilə oğulun görüşdükləri zaman insan ömrü, yaradılış, kainat, əxlaq, davranış qaydaları ilə bağlı fəlsəfi düşüncələrini izhar etdikləri məqamlardır.

Məcnun ata sözünə əməl edə bilmədiyi üçün valideyninə xoşbəxtlik gətirmədiyindən həmişə əzab çəkir. Atası ilə hər dəfə görüşdüyü zaman özünün üzrxahlığını bildirərək:

Dedi ey nəfəsi ruhuma qüvvət,

Sənsən müşkülümü düzəldən əlbət.

Sözün, nəsihətin damağımdadır,

Bax qulluq halqan da qulağımdadır.

Gözəl nəsihətin qəlbə çıraqdır,

Kim boyun qaçırsa bəxtdən uzaqdır.

Mən qulaq asardım bu sözlərinə,

Neyləyim əlimdən gəlməyir yenə.

- deyir.

Məcnun ən çətin anlarında belə ata-anasını unutmur, anasını həsrətlə xatırlayır, yanına gələnlərə anasını görmək arzusunu bildirir:

Necədir qanadı qırılmış o quş?

O damı ayrılıq dustağı olmuş?

Yanında qaradır üzüm əzəldən,

Qara bir quluyam öz anamın mən.

Anası ilə görüşərkən:

Başımın tacıdır ayağın sənin,

İncimi bəsləmiş sənin sədəfin.

Sənin toxumunun məğziyəm ana,

Ayaq torpağın da cənnətdir mana...

Məcnunun bu sözləri bizə “Kitabi-Dədə Qorqud” dastanlarında gənc nəslin öz sələflərinə olan məhəbbətlərini, xüsusilə “Ana haqqı Tanrı haqqıdır” - kəlamını xatırladır. Qadınlığa böyük hörmət bəsləyən, onu cəmiyyətin tamhüquqlu üzvü kimi görməyi arzulayan böyük şair Leyli obrazını məhəbbətlə qələmə almış, onun faciəsini ürək ağrısı, dərin təəssüf hissilə təsvir etmişdir. Bununla belə, dahi sənətkar zahiri və mənəvi gözəlliyi ilə hamını heyran edən qadın qəhrəmanını həm də yaxşı yoldaş, mehriban rəfiqə, mühitə, mövcud qayda-qanunlara açıq gözlə baxan, etirazını gizlətməyən, əli heç bir yana çatmasa da, özünümüdafiə etməyi bacaran həssas qadın kimi oxucularına sevdirir. O, lazım gələrsə, dövrün qanun çərçivələrini aşaraq sevgilisi ilə görüşməyə cəhd edir, ona məktublar çatdırır, hətta ərini belə sillə ilə vurub həddini tanıdan (əlbəttə, öz hüququnu qorumaq baxımından) qadın kimi qarşımızda ucalır.

Nizami “Leyli və Məcnun”da insan qəlbinin incə duyğularını, insanın təbii arzu və meyillərini, həsrət və arzularını həssaslıqla ifadə etmiş, gözəlliyə pərəstiş, mənəvi ucalıq, sevgiyə inam, şəxsiyyət toxunulmazlığı, məhəbbət aləmində bərabərlik və başqa bu kimi məsələlərlə yanaşı, təmiz ad, ləkəsiz mənəviyyat, soy-kökə, nəcib adət-ənənələrə hörmət və s. həyati problemləri də əhatə etmişdir. Nizami poemalarında özünü çox qabarıq göstərən lirik vüsət “Leyli və Məcnun” poemasında da oxucunun diqqətini cəlb edir. Əsərdə lirik səciyyəli bölmələrə, gözəl təbiət mənzərələri, qəhrəmanların gözəlliyinin, onların həyəcan, sevinc anlarının təsvirində, “Məcnunun qəzəl oxuması”, “Leylinin Allaha yalvarması” əsər qəhrəmanlarının səba yelinə, gecəyə, Aya, ulduzlara xitabı, ceyran, maral, qarğa ilə söhbətinə şikayətlərinə həsr olunmuş bölmələr əsərin lirik ruhunu gücləndirir. Şair poemada özünün ricətləri, müəllif haşiyələri, bədii xitabları ilə də əsərin lirik əhval-ruhiyyəsini artırır.

Böyük şair ölməz ideallarını yüksək sənət dililə təqdim etmiş, bədii sözün ecazlarından görünməmiş bir sənətkarlıqla faydalanmış, humanist görüşlərini xalq ədəbiyyatından aldığı ibrətamiz süjetlərlə təsdiqə çalışaraq əfsanə, el rəvayətlərindən faydalanmış, xalq hikmətinə, xalq zəkasına, xalq məsəlləri, mənalı atalar sözlərinə tez-tez müraciət etmiş, özü də atalar sözləri dəyərində mənalı beytlər yaratmışdır.

Nizami əsərlərində rəngarəng poetik vasitələrlə canlanan təbiət təsvirləri əvvəl də qeyd etdiyimiz kimi, məzmunun ayrılmaz hissəsinə çevrilərək baş verən hadisələrlə də gözəl uyuşur, qəhrəmanların əhval-ruhiyyəsini tamamlayır. Əsərdə təbiətlə onun ayrılmaz parçası olan insan arasında çoxcəhətli uyğunluğun maraqlı nümunələri ilə qarşılaşırıq. “Xəmsə”nin digər poemalarında olduğu kimi, “Leyli və Məcnun” əsərinin bədii ruhunda təbiət gözəlliklərinin şairanə tərənnümü ilə təhkiyə arasında məna və poetik baxımdan bağlılıq diqqətə çatır. Ustad sənətkar qəhrəmanların qayğısız gənclik günlərini, sevgililərin görüş anlarını, təbiətin oyandığı və füsunkar mənzərələri ilə insana sevinc gətirən bahar və yay günlərində baş verdiyini təsvir edir. Sevgililər görüşdüyü zaman təbiət də səfalı, göy üzü aydın, ayın, günəşin işığı daha parlaq görünür. Məsələn; Məcnunun Leylinin tamaşasına getməsi fəslinin başlanğıcında oxuyuruq:

Tezdən duran Xosrov (yəni Günəş-N.A.) səhər vaxtında,

Sevinclə əyləşdi şahlıq taxtında.

Günəş ki, eşqlə öpdü gündüzü,

O eşqə baş əydi bütün yer üzü.

Göyləri nur verən bir işıqlı gün,

Novruz bayramından xoş idi o gün.

Arzu kəmərini bağlamışdı baxt,

Qüssə dağılmışdı dünyadan o vaxt.

Qəhrəmanların ölümü əsərdə təbiətin cansıxıcı bir görkəm aldığı, güllər, çiçəklər solduğu, ağaclar yaşıllığını itirdiyi, əvvəlki təravətdən əsər-əlamət qalmadığı bir zamana təsadüf edir. Bu fəsil aşağıdakı misralarla başlayır:

Qaydadır yarpaqlar tökülən zaman,

Qanlı sular axar o yarpaqlardan.

Hər bir budağın ki içində qan var,

Axır deşiklərdən süzüb damcılar.

Suyun şüşəsi də soyuyub donar,

Bağların üzünə sarılıq qonar.

***

Nizami yaradıcılığı Yaxın Şərqdə miniatür sənətinin inkişafına qüvvətli təsir göstərmiş, şairin əsərlərinin əlyazmaları əsrlər boyu (əvvəldə də qeyd olunduğu kimi) Şərqin ən istedadlı xəttatları tərəfindən üzü köçürülərək yayılmışdır. Nizami poemalarına məşhur miniatürçü rəssamlar illüstrasiyalar çəkmiş, ustad müzəhhiblər (qızıl suyu ilə ornament çəkən sənətkarlar) şairin əlyazmalarını təzhib edərək bəzəmişlər. “Yaxın Şərqdə hind, Herat, Təbriz rəssamlıq məktəbinin nümayəndələri Behzad, Ağamirək, Sultan Əli Təbrizi və başqa görkəmli Şərq rəssamları Nizami süjetləri əsasında çəkdikləri əsərlərilə şöhrətlənmişlər” (H.Araslı, Azərbaycan ədəbiyyatı: tarixi və problemləri, 1998, s.241). Orta əsr rəssamlıq sənətinə yeni istiqamət verən Nizami mövzuları, bu sahədə real həyati təsvirin geniş yer almasında böyük əhəmiyyət daşımışdır. Bu da maraqlıdır ki, Nizami öz əsərlərində sənətə və sənətkara həmişə böyük məhəbbətlə yanaşmış, mahir sənətkar obrazları yaradaraq əsərlərində təsvir etdiyi maraqlı hadisələrdə istedadlı fırça ustalarının (Şapur, Mani, Çin, Rum rəssamları) əhəmiyyətli rolundan dərin rəğbət hissilə bəhs etmişdir.

Klassik Şərq poeziyasına yaxından tanış olan Fəxrəddin Əli Vəli oğlu Nizami əsərlərini diqqətlə nəzərdən keçirmiş, “Leyli və Məcnun” poemasının fikri və poetik məziyyətlərini dərindən duyaraq, seçdiyi süjetləri ustalıqla canlandırmağa çalışmışdır. Təcrübəli rəssam əsər qəhrəmanlarını da poemanın məzmununa uyğun Nizaminin saf məhəbbət, uca mənəviyyat, təbiətə və onun bəzəyi olan canlılara sevgi, qayğı, ata-anaya ehtiram, övlada məhəbbət, dostluq, sədaqət və fədakarlıqla bağlı yüksək bəşəri ideallarını bacardıqca əhatə etməyə cəhd göstərmişdir. Rəssamın çəkdiyi rəsmlərin əksəriyyəti poemanın lirik ruhunu, obrazların zahiri gözəlliklərilə yanaşı, daxili aləmini də əks etdirərək əhvalatların baş verdiyi zaman, məkan, mühit haqqında da müəyyən təsəvvür yaratmaqla bütövlükdə əsərin bədii məqsədinin aydın anlaşılmasına xidmət edir.

AMEA-nın prezidenti akad. Akif Əlizadənin təşəbbüsü və maddi-mənəvi dəstəyi ilə ərsəyə gələn bu seriyanın üçüncü cildi nizamişünaslığa edilən dəyərli hədiyyə olmaqla yanaşı, həm də Nizami irsinin öz aktuallığını itirməyib, geniş oxucu kütləsinin daima diqqət mərkəzində olduğunu, nəsillərin mənəvi- estetik tərbiyəsindəki əvəzsiz əhəmiyyətini bu gün də qoruyub saxladığını göstərir.

Söz yox ki, Şərq rəssamlıq sənətinin incəliklərini dərindən mənimsəmiş, rəssamımız sələflərinin özünəqədərki zəngin ənənələrini “Xəmsə”nin qalan cildlərinin nəşrlərində də uğurla davam etdirəcək və özünün yeni sənət tapıntıları ilə dahi Azərbaycan şairinin yaradıcılığının tədqiqi və təbliği sahəsində görülən işlərin daha geniş, daha qlobal xarakter almasında əhəmiyyətli mövqe tutacaq.

Nüşabə Araslı, AMEA-nın müxbir üzvü

"Respublika" qəzeti, 19 may 2019-cu il

  • Paylaş: