Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2019 14:28
  • A-
  • A
  • A+

Türkiyədə keçirilən beynəlxalq simpoziumda Hirkan florasında biomüxtəlifliyin mövcud vəziyyətinə dair məruzə dinlənilib

Türkiyədə keçirilən beynəlxalq simpoziumda Hirkan florasında biomüxtəlifliyin mövcud vəziyyətinə dair məruzə dinlənilib

Türkiyənin Kapadokiya bölgəsində “MESMAP-5. Tibbi və ətirli bitkilər” adlı Aralıqdənizyanı ölkələrin V beynəlxalq simpoziumu keçirilib.

Tədbirdə ölkəmizi Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib. O, “Hirkan florasının bitki biomüxtəlifliyinin müqayisəli təhlili” adlı məruzə ilə çıxış edərək, Hirkan florasında biomüxtəlifliyin mövcud vəziyyəti, onun qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

Məruzəçi qeyd edib ki, Dendrologiya İnstitutunun əməkdaşları Hirkan florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edirlər. Ərazidə olan 26 fəsilə, 40 cinsə aid 60 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkisinin təbii areal­ları, populyasiyalarda fərdlərin yayılması göstərilməklə, yaşlı nüsxələr üzərində dendroxronoloji tədqiqatlar aparılıb. Aparılan müşahidələr nəticəsində məlum olub ki, Hirkan florasında əksər növlərin arealları əvvəlki illərə nisbətən kiçilmiş, say nisbəti azalmış, bir çox  növlər isə məhv olma təhlükəsindədir.

T.Məmmədov bildirib ki, aparılan monitorinq və təhlillərdə bitk­i­lə­rin arealla­rı­nın kiçilmə səbəbləri araşdırılıb, həmin bitkilərin təhlükə meyarları müəyyən edilib. Tədqiqat işində növlərin bioloji xüsusiyyətləri, təbii ehti­ya­tının dəyişilmə səbəbləri və mühafizə tədbirləri işlənilib hazırlanıb. Həmçinin nadir-nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin herbariləri toplanıb. 

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: