Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarixi gedişatın gerçəklikləri və dərsləri
29.04.2019 10:23
  • A-
  • A
  • A+

Tarixi gedişatın gerçəklikləri və dərsləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cəmiyyətin inkişaf tarixi və dialektik fəlsəfi dərki istiqamətində fundamental tədqiqatlar aparan, elmi fəaliyyətində və idarəçilikdə milli dövlətçilik mövqeyindən çıxış edən görkəmli elm və dövlət xadimidir. Akademik Ramiz Mehdiyevin tədqiqatlarında Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin, xüsusən milli tariximizin intibah dövrləri hesab edilən Səfəvilər dövlətinin, Əfşarlar hakimiyyətinin, Heydər Əliyev - İlham Əliyev epoxasının dəyərləndirilməsi əsas yer tutur.

Son illərdə akademik Ramiz Mehdiyevin görkəmli siyasi-tarixi şəxsiyyətlərin və hadisələrin ardıcıl olaraq araşdırılıb cəmiyyətə təqdim olunmasına xüsusi diqqət yetirməsi humanitar və ictimai elmlər sahəsində bu istiqamətdə mövcud olan boşluqları aradan qaldırmaqla yanaşı, həm də müstəqil dövlətçiliyimizin inkişaf etdirilməsində milli dövlətçilik ənənələrindən və təcrübəsindən istifadə edilməsinə xidmət məqsədi daşıyır. Bu mənada hörmətli Ramiz müəllimin Şah İsmayıl Xətai və Nadir şah Əfşar haqqında təqdim etdiyi sanballı tədqiqatlar və tarixi sənədlər müstəqillik dövrü Azərbaycan tarixinin mühüm nailiyyətlərindən biri hesab olunmağa layiqdir.

Bu günlərdə akademik Ramiz Mehdiyevin çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” monoqrafiyası görkəmli elm xadiminin həmin silsilədən olan növbəti qiymətli elmi xidməti sayıla bilər. Bu, indiyədək xanlıqlar haqqında ayrı-ayrılıqda yazılmış tədqiqatlardan fərqli olan, xanlıqlar dövrü tarixinin azərbaycançılıq mövqeyindən və sistemli şəkildə araşdırılıb ümumiləşdirilməsinə həsr olunmuş ilk konseptual tədqiqat əsəridir. Yeni kitab Ramiz müəllimin Səfəvilər dövləti və Əfşarlar hakimiyyəti ilə Heydər Əliyev - İlham Əliyev epoxası arasında tariximizdə mövcud olan boşluğu aradan qaldıran və elmi-nəzəri cəhətdən əlaqələndirən sanballı tədqiqatdır. Bu əhəmiyyətli əsər, hər şeydən əvvəl, tədqiqata cəlb edilən tarixi dövr və həmin mərhələnin tarixi şəxsiyyətləri və ictimai-siyasi prosesləri haqqında milli meyarlara əsaslanan azərbaycançı elmi-nəzəri konsepsiya və real ilkin mənbələr, tarixi sənədlər əsasında yazılmışdır.

Akademik Ramiz Mehdiyevin milli tarixçilik konsepsiyası baxımından və azərbaycançılıq mövqeyindən təqdim olunan tədqiqat əsəri bir çox cəhətdən yeni və əhəmiyyətlidir. Məlum olduğu kimi, bu vaxta qədər Azərbaycan xanlıqlarına dair birtərəfli qaydada yazılmış tədqiqatlar onlar haqqında obyektiv reallığı əks etdirməmişdir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan sovet tarixşünaslığında əsasən xanlıqlardan ayrı-ayrılıqda bəhs olunmuş, Şimali Azərbaycandakı xanlıqların əksəriyyətinin Rusiyaya meyilli inkişafa üstünlük vermələri müsbət cəhət kimi göstərilmişdir. Bundan başqa, müstəqillik dövrü Azərbaycan tarixşünaslıq elmində isə ayrı-ayrı xanlıqların dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti mövcud olduğundan da artıq dərəcədə şişirdilmiş, onların hər birindən müstəqil Rusiya, Azərbaycan dövlətləri kimi bəhs olunmuşdur. Akademik Ramiz Mehdiyev isə ilk dəfə olaraq elmi dövriyyəyə gətirdiyi yeni faktlar və sənədlər vasitəsilə təqdim etdiyi xanlıqlar arasındakı yazışmalar, bəzi fərmanlar əsasında əvvəla ayrı-ayrı xanlıqlar arasındakı münasibətlərin normal olmadığını müəyyən etmiş, bunun isə onların inkişafına və əlaqələrinə maneçilik törətdiyini diqqət mərkəzinə çəkmişdir. Ramiz Mehdiyevin fikrincə, birləşə bilməyən Şimali Azərbaycan xanlıqlarının, demək olar ki, əksəriyyəti nicat yolunu çar Rusiyasına meyil etməkdə görmüşdür. Çar Rusiyası isə xanlıqları inkişaf etdirməkdə yox, onları birləşməyə qoymamaqda və əsarət altında saxlamaqda maraqlı olmuşdur. Buna görə də akademik Ramiz Mehdiyevin təqdimatında real sənədlər əsasında xanlıqları birləşməyə qoymayan əsas faktorlardan birinin ayrı-ayrı xanların şəxsi təkəbbürlüyünün, mənəmlik hissinin olması, ondan qüvvətli faktorun isə çar Rusiyası amilinin mövcudluğu ilə əlaqələndirilmişdir. Bu məqsədlə Ramiz Mehdiyev Azərbaycan xanlıqlarının I Pyotrun Xəzəryanı torpaqlara hərbi səfərlərindən, işğalçı mövqeyindən dərs çıxarmadıqlarını açıb göstərmişdir. Bu məqamda xüsusi əhəmiyyəti nəzərə alınmaqla kitabda I Pyotrun Xəzəryanı torpaqlara hərbi səfərinin təfərrüatları və acı nəticələri Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq geniş və sistemli şəkildə təhlilə cəlb edilmişdir. Eyni zamanda, akademik Ramiz Mehdiyevin fikrincə, Gəncə hakimi Cavad xanın 1804-cü ildə knyaz Pavel Sisianov tərəfindən faciəli surətdə öldürülməsindən də Azərbaycan xanları lazımi nəticə çıxarmamışlar. Ona görə də Ramiz Mehdiyev kitabda Qarabağ xanlığı ilə Rusiya arasındakı Kürəkçay müqaviləsinin imzalanmasını Azərbaycanın əleyhinə olub, xüsusən xanlıqların birləşməsinə mane olan siyasi akt kimi qiymətləndirmişdir.

Kürəkçay müqaviləsinin imzalanmasından sonra mayor Lisaneviçin Qarabağ hakimi İbrahim xanı, onun ailə üzvlərini keşikçiləri və xidmətçiləri ilə birlikdə vəhşicəsinə güllələməsi haqlı olaraq Azərbaycan xanlıqlarının taleyində çar Rusiyası faktorunun əsl mahiyyətini açıb göstərən əsas bir məqam kimi nəzərə çarpdırılır. Bu məqamda onu da qeyd etməyi vacib sayıram ki, Ramiz Mehdiyev ilk dəfə olaraq Lisaneviçin sonrakı taleyini, onun bu qanlı hadisədən sonra general rütbəsi olana qədərki inkişaf yolunu bütün təfərrüatları ilə Azərbaycan tarixşünaslığına gətirmişdir.

Bütün bunlara görə akademik Ramiz Mehdiyev Azərbaycan xanlıqlarının tarixinin ilkin tarixi mənbələr, real sənədlər və yazışmalar əsasında yenidən yazılması konsepsiyasını irəli sürür. Bu məqsədlə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq o, Azərbaycan xanlıqlarına aid 22 sənədi əldə etmiş, bu sənədlər tərcümə edilərək təhlilə cəlb olunmuş və elmi dövriyyəyə daxil edilmişdir.

Azərbaycan xanlıqlarının İran şahı Fətəli şah, Qafqaz canişinliyinin rəhbərləri Sisianov və Yermolov arasında, habelə xanlıqların özləri arasında yazışmalarını əks etdirən bu məktublar xanlıqlar dövrünün obyektiv mənzərəsini gerçək şəkildə başa düşmək və olduğu kimi yazmaq üçün kifayət qədər əsas verir. Onu da qeyd etməyi lazım bilirəm ki, əsasən uzun illər nəzəriyyəçi filosof alim kimi fəaliyyət göstərmiş və indi də həmin istiqamətdəki xəttini uğurla davam etdirən akademik Ramiz Mehdiyev tarixi şəxsiyyətlərin fəaliyyətinin tədqiqinə doğru dönüşü prosesində ilk dəfə olaraq Azərbaycan tarixşünaslığına çoxsaylı geniş materiallar daxil etmiş, fərqli versiyalar irəli sürmüşdür. Bu yolla Səfəvi hökmdarlarına - Şah İsmayıl Xətaiyə və Nadir şah Əfşara dair 50-dən çox məktub və fərmanlar tərcümə və çap edilərək oxuculara çatdırılmışdır. Ramiz müəllimin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədqiqatında da 30-dan çox yeni sənəd təqdim olunur. Beləliklə, akademik Ramiz Mehdiyev Azərbaycan tarix elminin mənbəşünaslıq bazasını 100-dən çox yazışma materialları, fərmanlar və digər nadir tarixi sənədlərlə zənginləşdirmişdir. Bu cəhətdən həm də yeni nəsil mənbəşünas elmi kadrlar yetişdirməyi bir vəzifə olaraq qarşıya qoyması Ramiz Mehdiyevin milli tarixşünaslıq elminin bugünü və gələcəyi haqqındakı dərin və uzaqgörən düşüncələrinin ifadəsidir. Müstəqilliyini əldə etmiş və dövlətçiliyini dönmədən inkişaf etdirən Azərbaycan Respublikası ölkəmizin və xalqımızın obyektiv tarixinin yazılıb xalqa çatdırılmasında maraqlıdır. Çünki yalnız həmin yolla tarixin dərslərindən lazımi nəticə çıxarıb irəli getmək və vətəndaşlarımızda milli iftixar duyğusu tərbiyə etmək mümkündür.

İlk dəfə olaraq akademik Ramiz Mehdiyev Azərbaycan xanlıqlarını Şimali və Cənubi Azərbaycan xanlıqları ilə bir yerdə tədqiq etmişdir. "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” monoqrafiyasında Şimali Azərbaycan ərazisindəki 10 xanlıq, Cənubi Azərbaycandakı 8 xanlıq birlikdə təhlildən keçirilmişdir. Hətta Ramiz Mehdiyev dövrün obyektiv mənzərəsini canlandırmaq üçün həmin tarixi mərhələdəki sultanlıqları: Qazax-Şəmsəddin, Qəbələ, İlisu və Ərəş sultanlıqlarını, habelə Dağlıq Qarabağın 5 xristian məlikliklərini də tədqiqata cəlb etmişdir. Bu isə həm çar Rusiyasının, həm də İran dövlətinin Azərbaycan xanlıqlarına münasibətini tam halda və sistemli şəkildə öyrənib elmi nəticələr çıxarmağa imkan vermişdir. Bunlar proseslərə tam, obyektiv qiymət verməyə, ümumiləşmiş nəticələr çıxarmağa şərait yaratmışdır.

Akademik Ramiz Mehdiyevin qəti qənaətinə görə, obyektivlikdən başqa hər hansısa bir mövqe əsla yolverilməzdir. Tarixi tədqiqatlarda nailiyyətlərimiz kimi, qüsur və xətalar da olduğu kimi göstərilməlidir.

Kitabda Azərbaycan xanlarının fəaliyyətindəki yadelli işğalçılarla əməkdaşlıq, öz doğma qardaşını taxtdan salmaq, var-dövlətinə sahib olmaq halları sənədlər əsasında təhlildən keçirilib ümumiləşdirilmişdir. Tarixi problemləri öyrənərkən mövzunun ölkəmizdəki müasir vəziyyətlə üzvi şəkildə əlaqələndirilməsi və qiymətləndirilməsinin mütləq nəzərə alınması prinsipi XVIII əsrin hadisələrinə müasirlik işığında qiymət vermək zərurətini meydana qoymuşdur.

Çünki milli şüurun formalaşmasında tarixi proseslərdəki ardıcıllıq və davamlılıq mühüm şərtlərdən biridir. Bütün bunlara görə Ramiz Mehdiyev XVIII əsrdə xanlıqlar dövründə Qarabağda baş vermiş hadisələri müasir mərhələdəki Dağlıq Qarabağ hadisələri ilə üzvi əlaqədə təhlil etmişdir.

Azərbaycan tarixində və ədəbi-ictimai fikrində Qacarlar hakimiyyətinə münasibətdə də ziddiyyətlər mövcuddur. Kitabda yazıldığı kimi, "uzun illər sovet ideologiyasının diktəsi altında Qacarlar da Nadir şah Əfşar kimi xalqımıza yadlaşdırılmış, işğalçı və düşmən qismində təqdim edilmişdir. Belə bir rəy formalaşdırılmışdır ki, sanki Şimali Azərbaycan xanları tamamilə ayrı bir xalqın, ölkənin nümayəndələri olmuş, Qacarlar isə onları işğal etmək məqsədilə Cənubi Qafqaza hücum etmişlər. Xanların Qacarlar əleyhinə Rusiya ilə, yaxud bir-birləri ilə əməkdaşlığına isə yadelli işğalına qarşı mübarizə donu geydirilmişdir. Çarizmin Azərbaycan xanlıqlarını zor gücünə ilhaq etməsi isə əksinə, Azərbaycanın Rusiyaya könüllü surətdə birləşməsi kimi qələmə verilmişdir”. Həm Azərbaycan tarixində, həm də ədəbiyyatımızda Ağa Məhəmməd şah Qacar qaniçən, cəllad və işğalçı hökmdar kimi tanıdılmışdır. Fikrimizcə, Azərbaycan tarixində və ictimai fikrində ilk dəfə olaraq akademik Ramiz Mehdiyev ümumiyyətlə Qacarlar sülaləsinin, xüsusən də Ağa Məhəmməd şah Qacarın Azərbaycanın tarixində və siyasi taleyində tutduğu mövqeyi və oynadığı rolu tam və əhatəli şəkildə aydınlaşdırmış, bu xanədanlığın tarixi missiyasına obyektiv elmi qiymət vermişdir.

Kitabda Qacarların 130 illik hakimiyyətinin real gedişatı və əsas hadisələri haqqında geniş məlumat öz əksini tapmışdır. Əsərdə Qacarların Səfəvilər dövlətində iştirakı və etibar qazanmaları, bu sülalənin Şah İsmayıl - Şah Abbas epoxasında təmsil olunan Qara Piri bəy Qacar, Budaq xan Qacar, Şahqulu xan Qacar kimi nümayəndələrinin fəaliyyəti işıqlandırılmışdır.

Haqlı olaraq akademik Ramiz Mehdiyev Ağa Məhəmməd şah Qacarın xarakterindəki qəddarlığın onun tərcümeyi-halında baş vermiş "ağır psixoloji zərbə”, bədbəxt hadisə ilə əlaqədar olduğunu da nəzərə çatdırır. Bundan başqa, Ağa Məhəmməd şah Qacarın hakimiyyətinin başlanğıc illərində tutduğu amansız mövqe Ramiz Mehdiyev tərəfindən həm də hökmdarın səltənətini bərqərar etmək və möhkəmləndirmək qayğıları ilə bağlı izah edilir.

Monoqrafiyada Ağa Məhəmməd şah Qacarın hakimiyyəti Azərbaycan dövlətçiliyi nümunəsi, Səfəvilər, Nadir şah Əfşar iqtidarlarının davamı kimi təqdim olunur. Əsərdə, eyni zamanda, Qacarlar sülaləsi Əfşar, Budat, Kumam, Bayat və digər türkmənşəli tayfalarla birlikdə Azərbaycanın türkləşməsi prosesində böyük rol oynamış, XVI əsrin əvvəllərində isə ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti hesab edilən Səfəvilər imperiyasının qurulmasında yaxından iştirak etmiş şəcərə kimi təqdim olunmuşdur. İlk dəfə olaraq əsərdə Ağa Məhəmməd şah Qacarın və sonrakı Qacar iqtidarlarının zamanlarında bu sülalənin azərbaycançılıq istiqamətində həyata keçirdikləri tədbirlərdən geniş bəhs edilir. Ağa Məhəmməd şah Qacarın tacqoyma mərasimini eynilə Nadir şah kimi Muğan bölgəsində həyata keçirməklə mühüm siyasi-tarixi əhəmiyyət daşıyan Azərbaycan dövlətçilik ənənələrinə hörmətlə yanaşması, dövlətin idarə edilməsində Azərbaycan vilayətlərinin rolunu ön mövqeyə çəkməsi, vəliəhd olacaq şahzadənin Təbriz hakimliyinə rəhbərlik etməsini müəyyənləşdirməsi, gələcəkdə şahlıq taxtına çıxacaq şəxsin atasının və anasının hakim sülaləyə aid olmasını mütləqləşdirməsi qəbilindən olan məsələlər bu sülalənin mənsub olduğu türk mənşəyinə bağlılığını isbat edən faktlar kimi təqdim olunur. Eyni zamanda, Qacarlar hakimiyyəti dövründə Azərbaycan dilində ədəbiyyatın geniş yayılması, mətbuatın yaradılması, Azərbaycan vilayətlərində yeni üsullu məktəblərin açılması kimi faktlar da bu hakim sülalənin azərbaycançı mövqeyinə sübutlar olaraq göstərilmişdir.

Bütün bunlar Ağa Məhəmməd şah Qacarın Azərbaycana işğal etmək üçün yox, Səfəvilər və Nadir şah Əfşar zamanında itirilmiş torpaqların bərpa edilməsi, nəticə etibarilə yenidən bütöv Azərbaycan dövlətini yaratmaq üçün getdiyinin irəli sürülməsinə imkan yaratmışdır. Akademik Ramiz Mehdiyevin gəldiyi bu mühüm elmi nəticə həm də Azərbaycan dövlətçiliyinin çoxəsrlik davamlı ənənələrə malik olduğunu təsdiq etmək üçün tam əsas verir.

Fikrimizcə, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabındakı ən mühüm və yeni elmi nəticələrdən biri də əsərdə Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması ilə əlaqədar irəli sürülmüş mülahizə ilə bağlıdır. Akademik Ramiz Mehdiyevin qənaətinə görə, XVIII əsrdə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycan dövlətinin böyük bir ərazisinin bütövlüyünü itirərək parçalanması, bu ərazidə "kiçik padşahlıqların” - xanlıqların təşkili regionda erməni dövlətinin formalaşdırılmasına şərait yaratmışdır. Bu, Birinci Vətən müharibəsi zamanı Napoleon Rusiyaya qalib gələ bilsəydi, sonradan SSRİ adlandırılan dövlət yarana bilərdimi sualı və onun cavabı qədər aktual və aydın olan yekun qənaətdir. Kitabda deyildiyi kimi, XIX əsrin əvvəllərində baş vermiş "həm birinci, həm də ikinci Rusiya-İran müharibələri yenə də erməni feodalların xəyanət və riya ilə yoğrulmuş xislətini bir daha nümayiş etdirmişdir. Əsrlərdən bəri rifah və bolluq içində, əmin-amanlıqla yaşadıqları ölkəyə arxa çevirən Qriqorian kilsəsi və erməni ideoloqları çarizmin tərəfinə keçərək, Rusiya təbəəliyini qəbul edirlər. Daha sonra isə Türkmənçay müqaviləsinin şərtlərinə əsasən Qacarlar dövlətinin ərazisində yaşayan ermənilər kütləvi şəkildə Rusiyanın ilhaq etdiyi Azərbaycan torpaqlarına - Qarabağa, İrəvana və Naxçıvana köçürməyə başlanır...” Həqiqətən də yuxarıda qeyd olunan proses Azərbaycan ərazilərində əvvəlcə İrəvan quberniyasının və Erməni vilayətinin, daha sonra isə bolşeviklərin köməyilə Ermənistan SSR-in təsis edilməsi ilə nəticələnmişdir. Kitabdakı bu yekun müddəa çap Rusiyasının süni şəkildə Ermənistan dövlətini yaratması haqqında fərqli bir elmi versiya kimi ciddi maraq doğurur.

Bütövlükdə "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı monoqrafik tədqiqat azərbaycançılıq ruhunda yazılmışdır. Akademik Ramiz Mehdiyev milli-tarixi şüurun oyanışı və təşəkkülünü azərbaycançılığın əsas prinsiplərindən biri səviyyəsində təqdim edərək, hadisələrə və proseslərə qiymət verərkən bu meyardan çıxış etməklə dövrün əsl mahiyyətini açmağa nail olmuşdur. Azərbaycan ərazilərinin xanlıqlara parçalanması da, Fətəli xanın birlik uğrunda apardığı mübarizə də azərbaycançılıq mövqeyindən dəyərləndirilərək obyektiv və ümumiləşmiş nəticələrə gəlinmişdir. Beləliklə, azərbaycançılıq xanlıqlar dövrü Azərbaycan tarixinə konseptual yanaşmanın aparıcı və hərəkətverici qüvvəsini təşkil etmiş, obyektiv elmi nəticələrin çıxarılmasının əsas meyarına çevrilmişdir.

Akademik Ramiz Mehdiyevin müəyyən etdiyi konsepsiyada tarixi hadisələrə müasir dövrün ictimai-siyasi prosesləri ilə əlaqəli şəkildə qiymət verilməsi mühüm yer tutur. Əsərdə xanlıqlar dövrünün separatçılıq meyilləri ilə XX əsrin doxsanıncı illərində yenidən təkrar olunan separatizm planlarının, erməni çarlığı yaradılması ilə Ermənistan dövləti və hətta "böyük Ermənistan” xülyasının meydana çıxmasının müqayisəli təhlili nəinki XVIII əsrin hadisələrini, üç yüz ildən çox davam edən tarixi proseslərin mahiyyətini və gedişatını doğru-dürüst müəyyənləşdirməyə, obyektiv nəticələr əldə edilməsinə əsas verir. Bu cəhətdən akademik Ramiz Mehdiyevin simasında böyük və uzaqgörən cəmiyyətşünas filosofla ilk qaynaqlarla, sənədlərlə işləməyi zəruri sayan əsl mənbəşünas tarixçi missiyası üzvi surətdə birləşir. "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” monoqrafiyasında hadisələri və münasibətləri şərh edərkən yüksək tarixçilik missiyasını həyata keçirən Ramiz müəllim tədqiqatın metodoloji istiqamətlərinin müəyyən edilməsində və siyasi-elmi ümumiləşdirmələr apararkən təcrübəli bir filosof qismində çıxış edir. Fikrimcə, təqdim olunan "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” monoqrafiyasının da yeni tipli fərqli bir konsepsual tədqiqat əsəri kimi alınması burada fəlsəfi yanaşma ilə tarixi dəqiqliyin və gerçəkliyin üzvi sintez halında birləşdirilməsi ilə əlaqədardır. Bu mənada əsərdən çıxan aşağıdakı siyasi və elmi nəticə də mövzuya dair tarixi gerçəkliyi və müasir baxışı real surətdə ifadə edir: "Tam əminliklə bildirirəm ki, əgər o dövrdə (XX əsrin doxsanıncı illərinin əvvəlində - İ.H.) tarix səhnəsində Azərbaycan xalqının ümummilli lideri, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi. Bu, kimin ona necə baxmasından asılı olmayaraq, inkarolunmaz tarixi həqiqətdir”.

Monoqrafiyada səsləndirilən "əgər kimsə tarixi yalnız keçmiş zamanda başa düşürsə, həmin insan səhv etdiyini bilməlidir” tezisini akademik Ramiz Mehdiyevin müstəqil Azərbaycan dövlətinin bugünkü və gələcək inkişafı haqqındakı aşağıdakı düşünülmüş qənaətləri tamamlayır: "Həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdikləri dövlət quruculuğu siyasətinin, yürütdükləri ictimai inkişaf xəttinin əsas hədəfi yalnız dayanıqlı, müasir və güclü dövlətçiliyin yaradılması deyil, eyni zamanda, müasir baxışlara malik, tarixi-mənəvi köklərinə bağlı, sağlam düşüncəli vətəndaşların formalaşdırılmasıdır... Çünki hər birimiz yaxşı anlayırıq ki, istənilən cəmiyyətin siyasi və sosial-iqtisadi dayanıqlığı onun vətəndaşlarının düşüncə, savad və mədəniyyət səviyyəsindən birbaşa asılıdır... Milli məfkurənin real təntənəsi bunlardan çox asılıdır”.

Tarixi mövzuda yazılmış, ilk dəfə olaraq 22 əlyazma mətnini elmi dövriyyəyə daxil edən, dövrün mühüm şəxsiyyətlərinə və hadisələrinə dair tarixi məlumatları və izahları ictimaiyyətə çatdıran bu əsərdən çıxan əsas ümumiləşmiş fəlsəfi nəticə də məhz həmin nikbin finaldan ibarətdir... "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” monoqrafiyasında meydana qoyulmuş elmi konsepsiya Azərbaycan tarixşünaslığının bundan sonrakı inkişafının əsas istiqamətlərini müəyyən edən yeni tipli elmi-nəzəri yanaşma metodu kimi mühüm əhəmiyyətə malikdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 28 aprel, 2019-cu il

  • Paylaş: