www.science.az
10.04.2019 15:09

Azərbaycan və Rusiya elmlər akademiyaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyasına səfər edib. Səfər çərçivəsində o, Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb.

Əvvəlcə akademik A.Sergeyev REA-nın ötənilki fəaliyyətindən danışıb. Alim iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın möhkəmləndiyini deyərək, bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Akademik İ.Quliyev öz növbəsində səmimi qəbula görə REA-nın rəhbərliyinə təşəkkürünü bildirib. O, AMEA-nın inkişaf mərhələləri və müasir dövrdə burada aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, 70 ildən çox yaşı olan AMEA uzun illər ölkə elminin inkişafına mühüm töhfələr verib, çoxsaylı alim və mütəxəssislər yetişdirib. Bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əlaqələr qurulur.

Görüşdə tərəflər arasında fundamental və tətbiqi elmlər sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə edilib. Hər iki ölkənin akademiyaları arasında əməkdaşlığa dair sənədin yenidən hazırlanmasının vacibliyi vurğulanıb.

Görüşdə REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva, Xarici əlaqələr idarəsinin rəisi Olqa Qluxovtseva və Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.