Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Rossiya– Kultura” televiziyası Naxçıvanda çəkilişlər aparıb
09.04.2019 15:58
  • A-
  • A
  • A+

“Rossiya– Kultura” televiziyası Naxçıvanda çəkilişlər aparıb

“Rossiya– Kultura” televiziyasının Azərbaycan elminin inkişafı haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi Naxçıvan Muxtar Respublikasında aparılıb.

Verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur.

İlk gün Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə nümayəndə heyəti Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar. Tarixi abidələrdə çəkiliş aparan televiziyanın əməkdaşlarına muxtar respublikanın qədim tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib. 

Qonaqlar aprelin 8-də AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ayrı-ayrı şöbə və laboratoriyalarda olub, burada da çəkilişlər aparıblar.

Həmçinin Naxçıvan teleradiosu ilə də tanışlıq olub. Çəkiliş qrupunun rəhbəri Marina Orlova müsahibəsində Naxçıvanın tarixi abidələrini bəyəndiyini və buradakı hər bir abidənin fərqli memarlıq üslubunun olduğunu qeyd edib. 

M.Orlova bildirib ki, Naxçıvan televiziyası ən müasir texnoloji avadanlıqlarla təchiz olunub: “Naxçıvanda 2011-ci ildən rəqəmsal yayıma keçilib. Televiziyanın studiyaları, montaj otaqları, arxivi, radiosu, kitabxanası müasir standartlara cavab verir. Bunların hər biri gələcəyə hesablanmış işlərdir. “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi üçün də müasir iş şəraiti yaradılıb, kompüter və digər avadanlıqlar istifadəyə verilib. Bütün bunlar məndə xoş təəssürat yaratdı”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: