Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncədə Elm Günü münasibətilə keçirilən konfransın iştirakçıları AMEA prezidentinə müraciət ünvanlayıblar
02.04.2019 16:25
  • A-
  • A
  • A+

Gəncədə Elm Günü münasibətilə keçirilən konfransın iştirakçıları AMEA prezidentinə müraciət ünvanlayıblar

Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 27 Mart - Elm Günü münasibətilə Gəncə şəhərində keçirilən elmi-praktiki konfransın iştirakçıları AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Azərbaycanda elmə diqqət və qayğını dövlət siyasəti səviyyəsinə yüksəltmiş ümummilli lider Heydər Əliyev AMEA-nı xalqımızın milli sərvəti adlandırıb, dahi rəhbərin davamçısı İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində isə akademiya son illərdə özünün yüksəliş dövrünü yaşayır.

Qeyd olunur ki, dünyada mövcud olan iqtisadi və siyasi böhranlara baxmayaraq, İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlətçilik siyasəti və qətiyyətli idarəçiliyi nəticəsində ölkəmiz elmi əsaslara istinad edərək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz layiqli yerini tutur.

Bundan əlavə, Prezidentin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" və Elm haqqında verdiyi qanunlarda elmin inkişafı naminə mühüm istiqamətlərin öz əksini tapdığı və AMEA qarşısında iqtisadi inkişafın yeni modellərinin hazırlanması sahəsində mühüm məqsədlər qoyulduğu vurğulanıb.

Müraciətdə diqqətə çatdırılıb ki, akademik Akif Əlizadənin AMEA-ya rəhbərlik etdiyi vaxtdan həyata keçirdiyi dövlət əhəmiyyətli mühüm, qətiyyətli islahatlar sayəsində akademiya öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

"Son illərdə akademiyada yeni yaradılan institutlar Azərbaycan elminin dünyada layiqincə təbliğ edilməsi, elmi irsimizin sistemli surətdə tədqiqi və innovativ elmi istiqamətlərin araşdırılmasına geniş imkan verib", - deyə konfrans iştirakçıları müraciətdə qeyd ediblər.

Həmçinin ölkəmizdə ilk dəfə olaraq nüfuzlu xarici alimlərin iştirakı ilə paytaxtla yanaşı, bölgələrdə də Elm Festivalının keçirildiyi, Azərbaycan elminin əldə etdiyi nailiyyətlərin sözügedən tədbirdə nümayiş etdirildiyi bildirilib. Eyni zamanda ilk dəfə Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elmimizin son illərdə əldə etdiyi nailiyyətlərin sanballı hesabatı kimi dəyərləndirilib.

Müraciətdə, həmçinin gənc elmi kadrların hazırlanması məqsədilə akademiyada magistratura, Gənc Alim və Mütəxəssis şuralarının, nüfuzlu universitetlərin baza kafedralarının yaradılması yüksək qiymətləndirilib.

Bundan əlavə, AMEA Gəncə Bölməsində, üç universitetdə və dörd elmi-tədqiqat institutunda 1 nəfər akademik, 2 AMEA-nın müxbir üzvü, 50-dən artıq elmlər doktoru və 560-dan çox fəlsəfə doktorunun fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Müraciətin sonunda konfrans iştirakçıları yaradılan şəraitə görə akademiya rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: