Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə “Azərbaycanda orta əsrlərdə elm və mədəniyyət” mövzusunda elmi seminar keçirilib
01.04.2019 10:06
  • A-
  • A
  • A+

Muzeydə “Azərbaycanda orta əsrlərdə elm və mədəniyyət” mövzusunda elmi seminar keçirilib

Martın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Elm Günü ilə əlaqədar “Azərbaycanda orta əsrlərdə elm və mədəniyyət” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən muzeyin elmi işçisi Ləman Musayeva dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının ölkəmizdə elmin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, bu tarix ölkədə əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün mühüm əhəmiyyət daşıyır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub.

Daha sonra L.Musayeva “Azərbaycanda elm və təhsilin inteqrasiyası milli şüur kontekstində” mövzusunda məruzəsini təqdim edib.

Seminarda, həmçinin muzeyin baş mütəxəssisi Əli Fərhadov “XIX-XX əsrin əvvəllərində Azərbaycanda elm və mədəniyyət” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycanda elmin ilkin inkişafı zərdüştilik, xristianlıq və İslamın Azərbaycanda yayılması dövrlərinə aid edilir. Orta əsr Azərbaycan alimləri və onların xarici ölkələrdə fəaliyyəti haqqında alban və ərəbdilli qaynaqlarda geniş məlumat var. XIX-XX əsrin əvvəllərində çar Rusiyasında olan maarifçilik prosesi Azərbaycana da təsir edir və burada dini təhsillə yanaşı, dünyəviliyi də müdafiə edən maarifçilər formalaşır. Dünyəvi təhsil, xüsusilə qadın təhsilinin bu dövrdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilər tərəfindən dəstəklənməsi, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk universitetin - Bakı Dövlət Universitetinin açılması ölkəmizdə elmin inkişafında mühüm addımlar idi.

Sonda Bakı şəhəri 8 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən köməkçi tarixi fənlər mövzusunda bədii hissə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: