Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin “Fars dili” dərslikləri çapdan çıxıb
01.04.2019 09:35
  • A-
  • A
  • A+

Şərqşünas alimin “Fars dili” dərslikləri çapdan çıxıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Fars dili” dərslikləri işıq üzü görüb. Bu dərsliklərdən biri ibtidai, ikincisi orta səviyyə üçün nəzərdə tutulub.  

Fars dilini daha rahat öyrənmək üçün müasir metodlara cavab verən, həm kitab, həm də CD-dən ibarət olan ibtidai səviyyə üçün vəsaitdə 50 mətn, 30 cizgi filmi yer alır. Kitab iki hissəyə bölünüb. Kitabın CD-sində birinci hissədəki mətnlərin oxunuşu və Azərbaycan dilinə tərcüməsi, ikinci hissədə cizgi filmlərinin tam mətni verilir. Nəşrin birinci hissəsində fars dilinin qrammatikası qısa qaydalar şəklində və misallar əsasında izah olunur, ikinci hissədə isə danışıq dilinin qaydalarına yer verilir. 

Qeyd etmək lazımdır ki, mətnlər ibtidai səviyyə üçün nəzərdə tutulduğundan dili sadə və danışıq dilinə yaxındır. 80 dərsin sonunda lüğət verilib. Lüğət sinonimlər, transkripsiya və tərcümədən ibarətdir. 

Orta səviyyə üçün nəzərdə tutulan vəsaitdə 35 mətn, 45 “Zarafat etdim” videosu, “Rüstəm və Söhrab” dastanının cizgi filmi, “Şeyx Sənan” dastanının və Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsərindən yeddi hekayənin oxunuşu yer  alır. Kitabın birinci hissəsində mətnlər, ikinci hissədə filmlərin mətni verilir. Hər dərsin sonunda lüğət var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: