Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Füzulişünaslığa dəyərli töhfə
28.03.2019 11:33
  • A-
  • A
  • A+

Füzulişünaslığa dəyərli töhfə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovanın “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)” monoqrafiyası nəşr edilib. 

Monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun hazırladığı “Füzuli kitabxanası” seriyasının II nəşridir. Kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevadır.

Kitabda ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Füzuli ədəbi məktəbi bütün yönləri ilə vəhdət şəklində tədqiqata cəlb edilib. Monoqrafiyada Füzuli ədəbi məktəbinin təşəkkülü və inkişafı yolları araşdırılıb, ədəbiyyat tarixində bu məktəbin mövqeyi, nüfuzu müəyyənləşdirilib, ədəbi məktəbin nümayəndəsi olan şairlərin ədəbiyyat tarixində oynadığı rol, Füzuli yaradıcılığının ədəbi məktəbin nümayəndələrinin yaradıcılığına təsiri nümunələr əsasında araşdırılıb.

Monoqrafiyada ədəbiyyatşünaslıqda “ədəbi məktəb” anlayışının məzmunu ilə bağlı dəqiqləşdirmələr aparılıb, Nizami ədəbi məktəbi işığında Şərq ədəbiyyatında ədəbi məktəblərin yaranma və yaşama prinsipləri, xüsusiyyətləri göstərilib, Füzuli ədəbi məktəbinin tarixi ümumi şəkildə nəzərdən keçirilib. Bundan başqa, XVI əsrdən başlayaraq Füzuli ədəbi məktəbinin ədəbiyyat tarixindəki mövqeyi, təşəkkül və inkişaf xüsusiyyətləri, onun ayrı-ayrı şairlərə, eləcə də başqa xalqların ədəbiyyatına təsiri müəyyənləşdirilib, XVI-XVIII əsrlər Füzuli ədəbi məktəbi nümayəndələrinin Füzuli təsiri ilə yaranan əsərləri öyrənilib və təhlil edilib.

Kitab tələbələr,  ali məktəb müəllimləri, magistrant, dissertant və doktorantlar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: