Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elm cəmiyyətin nicatı, tərəqqisi və rifahının rəhnidir
27.03.2019 12:37
  • A-
  • A
  • A+

Elm cəmiyyətin nicatı, tərəqqisi və rifahının rəhnidir

Elm bütün dövrlərdə cəmiyyətin inkişafında, rifah halının yaxşılaşmasında vacib rol oynayıb. Tarix boyu dünyanın qlobal bəlalardan, böhranlardan xilasının, bəşər övladının sağlam, işıqlı gələcəyinin keşiyində elm durub. Çağdaş dövrdə elm çox sürətlə irəliləyir. Elə “dəyişən dünya” ifadəsi də məhz elmi-texniki tərəqqi sayəsində meydana gəlib. XXI əsr bəşər sivilizasiyasının yeni inkişaf trendinə çevrilən, fantastik gələcəyi belə reallığa çevirən inqilabi elmi kəşflər, qabaqcıl texnologiya və innovasiyaların tətbiqi bu gün bizi hədəfə doğru aparır, gələcəyimizi müəyyənləşdirir.  

XIX-XX əsrlərin tanınmış Fransa yazıçısı Jül Vern demişdir ki, zaman gələcək elm fantaziyanı geridə qoyacaq. Onun bu fikirləri 20-30 il bundan qabaq paradoks kimi görünsə də, zamanla həyata keçməyə başlayır. Tarix elmin bəxş etdiyi yeniliklərin qarşısında fantaziyanın belə acizliyini göstərdi. Əgər əvvəllər insanlar fantastik filmləri heyranlıqla izləyib ağıllı texnologiyaların, zaman maşınının, gözəgörünməz adamın nə vaxtsa reallığa çevrilə biləcəyini şübhə ilə qarşılayır, bunun mümkünsüz olduğunu düşünürdülərsə, indi bu möcüzələrə adi hal kimi yanaşmağa başlayıblar.

Bəşər tarixində yeni dövrün başlanğıcının qoyulması məhz elmin sayəsində mümkün oldu. Müasir dövrdə dünya inkişafın elə bir mərhələsinə qədəm qoyub ki, artıq cəmiyyət elmi yeniliklər, innovasiyalar olmadan keçinə bilməz. Elm qabaqcıl texnologiyaların tətbiqi sayəsində dinamik inkişaf edir, tamamilə yeni sahələri, tədqiqat istiqamətləri yaranır. O, bəşəriyyəti narahat edən problemlərin kökündə duran səbəbləri təfsilatı ilə araşdırmaqla onların həllinə dərindən nüfuz edir, müəmmalı, qaranlıq məsələlərə aydınlıq gətirir, əsrlər boyu sirli qalan bir çox suallara cavab tapır. XXI əsrin çağırışlarından olan kvant biologiyası, əşyaların interneti, sintetik biologiya, nanoelm, neyro iqtisadiyyat, settleretika və s. kimi yeni elm sahələri və istiqamətləri üzrə aparılan araşdırmalar, əldə olunan nəticələr buna bariz nümunədir. İnsan genlərinin “təmir edilməsi”, “ağıllı” bioprotezlər, xərçəngin nəfəsalma, qoxu vasitəsilə təyin edilməsi, süni ürək,bionik göz, süni uşaqlıq və digər insan orqanlarının yaradılması, qrafenin əldə olunması və s. kimi uğurlar və davam edən tədqiqatlar bəşər övladının, dünyanın gələcəyi üçün olduqca mühüm əhəmiyyət kəsb edir və kim bilir, gələcəkdə cəmiyyət üçün, dünya üçün daha hansı töhfələri bəxş edəcək.

Elm və dayanıqlı inkişaf. Müasir dövrdə hər bir sahədə innovativ irəliləyişin təmin olunması üçün dünya ölkələri siyasətinin əsasında dayanıqlı inkişaf strategiyası durur. Bu inkişafın əsas təminatçısının isə məhz elm, texnologiya və innovasiyaların olması qloballaşan dünyanın reallığıdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilə doğru davamlı inkişaf hədəflərinə nail olunmasında da aparıcı rolu bu üç amil oynayır. Bu gün artıq əksər ölkələr xammaldan asılılığı azaltmaq və biliklər iqtisadiyyatına doğru hərəkət etmək üçün inkişaf üzrə milli gündəliklərinə elm, texnologiya və innovasiyaları daxil edirlər. YUNESKO-nun dünyada elm, təhsil, texnologiya və innovasiyaların vəziyyətini əks etdirən elm üzrə məruzəsində göstərilib ki, dünya miqyasında hökm sürən böhrana baxmayaraq tədqiqatlara və istehsala sərf edilən xərclər artıb və bu, onunla əlaqədardır ki, hazırda elmi tədqiqatlar və istehsal iqtisadi artım və inkişafda əsas amil kimi nəzərdən keçirilir. BMT-nin Elmi-Məşvərət Şurası siyasətin işlənilməsinə məsul olan şəxsləri qərarların qəbulu prosesində elmə daha çox diqqətin ayrılmasına (qlobal prioritetləri müəyyən etmək, daha mürəkkəb problemlərin həlli üzrə tədqiqatları və fəaliyyəti yönəltmək və əlaqələndirmək, həmçinin bütün dünyada verilənlərdən effektiv istifadəni təmin etmək) çağırış edir.

Elm diplomatiyası. Davamlı inkişafın bir çox hədəflərinə nail olunması həm də ölkələrin elmi inkişaf etdirmək üçün bir-biri ilə əməkdaşlıq səviyyəsindən asılıdır. Bu isə artıq elm diplomatiyasının vəzifəsidir. Diplomatiya və xarici siyasətin bir istiqaməti olan elm diplomatiyası dövlətlər arasında müvafiq sahədə birgə fəaliyyətin təşkili və yeni tədiqiqat layihələrinin ərsəyə gəlməsinə zəmin yaradır. Təcrübə göstərir ki, bu fəaliyyətin sayəsində iqlim, təhlükəsizlik, səhiyyə məsələləri ilə bağlı qlobal çağırışların həlli yollarını tapmaq zəruriyyəti güclənib, daxili və xarici siyasətin reallaşmasında qeyri-dövlət aktorlarının təsiri artıb, alimlərin fəaliyyəti və elmlə bağlı məsələlər KİV-də daha çox işıqlandırılmağa başlayıb.

Elm diplomatiyası dedikdə onun üç əsas istiqaməti başa düşülür: diplomatiyada elm, diplomatiya elm üçün və elm diplomatiya üçün. Birinci halda xarici siyasətdə məqsədlərə nail olunmasında elmin köməyi, ikinci halda beynəlxalq elmi əməkdaşlığa, elm və alimlərə diplomatiyanın dəstəyi, beynəlxalq elmi əməkdaşlıq prosesinin sadələşdirilməsi, üçüncü halda isə ölkələr arasında beynəlxalq əlaqələri yaxşılaşdırmaq üçün elmi əməkdaşlıq əlaqələrindən istifadə etmək, diplomatik münasibətlərin qurulmasına alimlər tərəfindən töhfələrin verilməsi kimi məsələlər nəzərdə tutulur.  

Son 10 ildə Texas, Kaliforniya universitetləri, Karnegi-Mellon və Kornall ali təhsil ocaqlarının xarici ölkələrdə elm və texnika üzrə ixrtisaslaşmış şöbələrinin açılması məhz diplomatik danışıqlar nəticəsində mümkün olmuşdur. Elm diplomatiyasının uğuru sayəsində Massaçusets Texnoloji Universiteti (ABŞ) Rusiyada Skolkovo Elm və Texnologiyalar İnstitutunun yaradılmasına kömək etmişdir.

Elm diplomatiyası siyasi gərginliyin azalmasında, münasibətlərin yaxşılaşmasında da heç də az rol oynamır. Dünyada gedən prosesləri başa düşmək üçün beynəlxalq elçilərə məhz alimlər kömək edə bilərlər. Ölkələr arasında illər öncə baş vermiş  hər-hansısa bir konfliktli hadisə siyasi münasibətlərin pisləşməsinə gətirib çıxarırsa, o zaman hər iki ölkə tarixçiləri tərəfindən həmin hadisələrin birgə araşdırılması və tədqiqatların nəticələrinin nəşri münasibətlərdə kəskinliyi azaltmağa kömək edir. Bu kimi fundamental əsərlər təbliğatçıların və siyasi konyunkturaçıların spekulyasiya etməsinə yer qoymur. Buna bariz nümunə kimi Rusiya və Polşa təcrübəsini göstərmək olar. 1930-cu ildəki, o cümlədən Katındakı hadisələrin birgə araşdırılması dövlətlər arasındakı siyasi ab-havanın yaxşılaşmasına kömək etmişdir.

Hazırda dünyada elm diplomatiyası həm dövlət siyasəti sahəsində, həm də akademik mühitdə diqqət mərkəzində olan məsələlərdən biridir. Elmi jurnallarda bu mövzuda məqalələrin sayı artır, universitetlərdə bu sahəyə həsr olunmuş kurslar açılır, beynəlxalq konfranslarda elm diplomatiyası haqda getdikcə daha çox fikirlər səsləndirilməyə başlayır. Müxtəlif dövlətlərin diplomatik missiyalarında elm üzrə attaşelər və müxtəlif departamentlərdə elmi məsləhətçilər çalışır. Bu mütəxəssislər informasiyanın toplanması, iki ölkə alimləri arasında əlaqələrin təşkili, yoluna qoyulması ilə məşğul olur, öz ölkəsinin intellektual fəaliyyətinin nəticələrini yayır, beynəlxalq tədbirlərdə iştirak edir. Elm üzrə attaşe vəzifəsi ilk dəfə olaraq Böyük Britaniya və ABŞ-da təsis edilib. Bugünkü gündə elm attaşelərinin sayına görə Fransa (50), Çin (46), ABŞ (33), B.Britaniya (29), Kanada və Yaponiya (25) liderlik edir.

Diasporun biliklər şəbəkəsinin vüsət almasında rolu. Vətəndə və onun hüdudlarından kənarda innovasiyaların vüsət almasına diaspor böyük imkanlar yarada bilər. Diasporun təşkil etdiyi bilik şəbəkələrinin innovasiyaların yayılmasına verdiyi töhfələr haqda yetərli qədər sübutlar vardır. Hələ XX əsrin sonlarında Koreya və Tayvan diasporlarını öz vətənlərində texnoparkların yaradılması üçün Kaliforniyada Silikon vadisini tərk etməsinə razı salmağa nail olunmuşdur. Burada Hindistan diasporunun ölkəsinin informasiya texnologiyaları (İT) sənayesində oynadığı rolu da qeyd etmək yerinə düşər. XX əsrin sonlarında ABŞ-ın İT sənayesində çalışan bir çox hindistanlılar ölkələrindəki həmkarları ilə əməkdaşlıq etməyə və onları xarici icraçılar qismində cəlb etməyə başlamışlar. Təhlillər göstərir ki, Hindistanın ilk 20 İT-şirkətindən 12-nin təsisçisi, həmtəsisçisi və baş icraedici direktoru hindistanlı mühacirlərdir.

Niderland hökuməti isə texniki potensialın artırılması və konfliktlərdən sonra bir sıra ölkələrə biliklərin ötürülməsinə kömək məqsədilə “İxtisaslı həmvətənlilərin müvəqqəti qayıdışı” layihəsini həyata keçirmişdir. Yüksəkixtisaslı həmvətənlilərin xarici ölkədən 6 ay müddətinə Əfqanıstana ölkənin bərpasına kömək üçün könüllü olaraq qaytarılması təhsil, mühəndislik və səhiyyədə texniki tərəqqiyə gətirib çıxarmışdır.

Alimlərin mobilliyi və beynəlxalq elmi əməkdaşlıq. Dünyada daha davamlı inkişafa nail olmaq üçün elmdə mobillik və beynəlxalq əməkdaşlıq da olduqca mühüm əhəmiyyət kəsb  edən məsələlərdəndir. Beynəlxalq elmi əməkdaşlıqiqlim dəyişikliyi, su, ərzaq və enerji təhlükəsizliyi kimi qlobal problemlərin həlli yollarının axtarışında, o cümlədən yerli və regional iştirakçıların dünya elm cəmiyyətinə inteqrasiyasında son dərəcə vacib rol oynayır. Əməkdaşlıqdan tədqiqatların keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasına kömək məqsədi ilə strategiya qismində geniş istifadə edilir. Avropa elmi-tədqiqat müəssisələrinin rəqabət qabiliyyətini artırmaq üçün Avropa Komissiyası alimlərin beynəlxalq mobilliyini asanlaşdırmaq və Avropa İttifaqı (Aİ) daxilində çoxtərəfli elmi əməkdaşlığı möhkəmləndirmək məqsədilə bir sıra  proqramlar həyata keçirir. Məsələn, Mariya Sklodovskaya-Küri adına Aİ proqramı alimlərə dövlətlərarası, sahələrarası mobilliyə dəstək üçün qrantlar təqdim edir. Beynəlxalq mobilliyə təsir edən təşəbbüslərdən biri də dövlət tərəfindən maliyyələşdirilən müəssisənin öz vakansiyaları haqda elanı beynəlxalq səviyyədə verməsi ilə bağlı Aİ-nin tələbidir. Məqsəd isə alimlərin açıq əmək bazarına çıxışının təmin olunmasıdır. Bundan başqa, elmi viza Aİ-yə daxil olmayan ölkələrdən ərizə ilə müraciət edən tədqiqatçılar üçün inzibati prosedurları asanlaşdırır.

Ərəbistanın elm, texnologiya və innovasiyalar üzrə strategiyası isə çox mükəmməl fəaliyyət proqramını təqdim edir. Proqrama görə ölkələr atom energetikası, kosmos elmi, bioinformatika və nanobiotexnologiyalar kimi fənlərarası texnologiyalar üzrə beynəlxalq əməkdaşlıqda daha çox iştirak etməlidirlər.

Avropa üzrə aparılmış tədqiqatlar göstərib ki, ixtisaslı kadrların sektorlar (universitetlər və sənaye) və ölkələr arasında yüksək mobillik səviyyəsi işçi qüvvəsinin ümumi peşəkarlıq səviyyəsinin, həmçinin iqtisadiyyatda innovativ aktivliyin artmasına gətirib çıxarır. Beləliklə, aimlərin beynəlxalq mobilliyi ixtisasın artırılması, bilik şəbəkələrinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi yolu ilə innovativ mühitin inkişafına zəmin yarada bilər.

Vətəndaş elmi. Elm cəmiyyətin yalnız o halda bir hissəsi ola bilər ki, buna bütün tərəflər - hökumət, təhsil müəssisələri və cəmiyyət - cəlb olunsun. Burada mühüm bir məsələ də sosial rifahın təmin olunmasında başlıca amil olan vətəndaşların bu prosesə cəlb olunmasındadır. Əgər elm cəmiyyət üçün açıq və şəffaf olmasa vətəndaşlar burada iştirak edə bilməzlər. Cəmiyyət cəlb edilmədən açıq məlumatlar sosial rifaha nail olunmasına kömək edə bilməz. Məsələn, çirklənmə səviyyəsinin artımına yerli təsirin aşkar olunması məqsədlərinə xidmət edən regional elmi layihə o vaxt uğurla həyata keçirilə bilər ki, vətəndaşlar virtual platforma vasitəsilə elmi müşahidəçilərə real vaxt rejimində öz səhhətləri haqqında məlumat versinlər. Vətəndaşlar layihənin qeyri-formal iştirakçıları olsalar da virtual platforma onları fəallaşdırır.

 Bu gün internet insanlar üçün informasiya mübadiləsi aparmaq və əməkdaşlıq kimi məsələləri olduqca asanlaşdırıb. Tədqiqatlara daha çox əməkdaşların tez bir vaxtda cəlb edilməsi, qarşılıqlı əlaqələrin artması, informasiyaların birləşdirilməsi və verilənlərdən təkrar istifadə elmə müasir yanaşmanın işlənilməsinə geniş imkanlar yaradıb. Tədqiqatçılarla aparılan sorğular göstərib ki, alimlərin 80%-i öz məlumatlarını digər alim və müəllimlərin məlumatları ilə birləşdirmək istəyir. Lakin informasiyatutumlu sahələrdə çalışan tədqiqatçılar getdikcə daha çox düşünməyə başlayırlar ki, birgə verilənlərin daha yaxşı idarə və nəzarət olunmasını necə təşkil etmək olar, sosial rifah üçün verilənlərin şəffaflığı ilə idarəedilməyən “informasiya partlayışı” arasında sərhəd haradan qoyulsun? 

Göründüyü kimi, müasir dövrün tələblərinə görə daha ədalətli və davamlı inkişafın təmininin əsasını elm, texnika və innovasiyalar təşkil etməlidir.

27 Mart - Azərbaycanda Elm Günüdür. Bu il Azərbaycanda Elm Günü ilk dəfə olaraq qeyd olunur. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Elm Gününün təsis edilməsi Azərbaycan elminə və 70 ildən artıq tarixi olan Milli Elmlər Akademiyasına verilən yüksək dəyərdir, elmin fövqəlbəşəri bir qüvvəyə malik olduğu dövrdə atılan tarixi və müdrik bir addımdır. Milli elmimiz şərəfli missiyası ilə uzun və keşməkeşli yol keçib. Bu yolda çox çətinliklər, maneələr olsa da, elm inkişaf edib, mühüm nəticələr əldə olunub. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası qloballaşan dünyanın yeni, davamlı inkişaf hədəflərinə doğru inamla addımlayır. Onun qarşısına qoyduğu əsas məqsəd innovativ irəliləyişin təminatçısı olan elm, texnologiya və innovasiyaları inkişaf etdirmək, hər bir sahədə tətbiqinə uğurla nail olunmasına öz töhfələrini verməkdir. Elmi tədqiqatların mərkəzləşdirildiyi bir qurum kimi Milli Elmlər Akademiyasında son dövrlərdə yeni elmi istiqamətlərə, multidissiplinar tədqiqatlara diqqət daha da artırılıb. Tədqiqatların elmi səviyyəsinin yüksəldilməsi, beynəlxalq tələblərə cavab verməsi üçün AMEA müxtəlif xarici elmi proqram və layihələrdə fəal iştirak edir, dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əlaqələr qurur, bu mərkəzlərdə onlarla gənc alim təcrübə keçir. Biliklərə əsaslanan cəmiyyət quruculuğunda yaxından iştirak edən AMEA-nın son illər dünyanın nüfuzlu elmi informasiya bazalarında göstəricilərinin artması, elmin inkişafının əsas hərəkətverici qüvvəsi olan təhsillə elmin vəhdəti, yaradılan magistratura təhsil pilləsi, müasir dövrün diqtəsi olan elmi-texnoloji innovasiya parklarının yaradılması və inkişaf etdirilməsi, elmlə istehsalat əlaqələrinin artırılması, o cümlədən aparılan islahatların müsbət nəticələri ölkədə elm siyasətinin uğurla bərqərar olmasından xəbər verir.

Ülviyyə Rzayeva, AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“İki sahil” qəzeti, 20 mart 2019-cu il

  • Paylaş: