Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
21.08.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Tanınmış alim, AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, professor Ələddin Əhmədov ömrünün 66-cı ilində vəfat etmişdir.

Ələddin Əhmədov 1948-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

Müxtəlif təyinatlı polimer aşqarların işlənib hazırlanması sahəsində elmi məktəb yaratmış görkəmli alim fundamental və tətbiqi tədqiqatlar apararaq əvvəlcədən məlum istismar xassələrinə malik, funksiyalaşdırılmış və funksional qrupu olmayan çoxfunksiyalı polimer aşqarlar sintezinin ümumi prinsiplərini işləyib hazırlamışdır. Oliqomerləşmə, polimerləşmə və birgə polimerləşmə reaksiyalarının kimyasının öyrənilməsi, sintez edilmiş birləşmələrin aşqar kimi istifadəsi zamanı funksional xassələrin onların tərkib və quruluşundan asılığı, polimer birləşmələrin termiki və mexaniki destruksiyalara qarşı stabilliyinin artırılması istiqamətində tədqiqat işləri aparmışdır. Tədqiqatların nəticəsi kimi müəyyən edilmişdir ki, polimer birləşmələrin məqsədyönlü kimyəvi modifikasiyasını aparmaqla qabaqcadan məlum xassələrə malik aşqarlar almaq mümkündür, məs., monomer cütlərini düzgün seçməklə ikili birgə polimerləşmə yolu ilə ilk dəfə funksional qrupu olmayan çoxfunksiyalı aşqarlar almışdır.

6 ixtira, 200-dən artıq elmi əsərin müəllifi olan Ə.Əhmədovun rəhbərliyi altında 10-dan çox elmlər namizədi yetişdirilmişdir.

Tanınmış alim və səmimi insan Ələddin Əhmədovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: