Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub
18.03.2019 10:29
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxanasının fəaliyyətinə həsr olunan növbəti tədbir keçirilib.

Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən yaradılan Batabat Astrofizika Rəsədxanasının strukturuna Naxçıvan şəhərindəki inzibati bina, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyası və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyası daxildir. Q.Həziyev qurumun ümumi fəaliyyəti barədə məlumat verərək bildirib ki, 15 ildən artıq fəaliyyət dövründə rəsədxana əməkdaşlarının 300-dən çox elmi əsəri respublikamızda və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda dərc edilib.

Tədbirin davamı olaraq iştirakçıların və Naxçıvan Dövlət Universitetinin Fizika fakültəsinin II və IV kurs tələbələrinin Batabat stansiyasına ekskursiyası təşkil edilib.

Ekskursiya iştirakçıları Batabat stansiyasının inzibati binası, burada yaradılan iş şəraiti və stansiyasdakı “Seyss-600” teleskopu ilə tanış olublar. Diqqətə çatdırılıb ki, stansiyada qurulan “Seyss-600” ulduz teleskopu müasir tələblər əsasında modernləşdirilib və astronomik müşahidələrin aparılması üçün rəsədxana müasir cihaz və avadanlıqlarla təchiz edilib.

Bununla da Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində təşkil edilən tədbirlərə yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: