Biotexnologiya şöbəsi

Tel. (+994 12) 5629805  
Faks (+994 12) 4499221 
Elektron poçtu mehraj_genetic@yahoo.com  
Struktur bölmənin rəhbəri b.ü.f.d. Mehrac Abbasov 
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Şöbənin əsas istiqaməti ex-situin-situ şəraitdə saxlanılan bitki genetik ehtiyatlarının molekulyar markerlər əsasında pasportlaşdırılması, genetik müxtəlifliyinin analizi, abiotik və biotik stress amillərə davamlılıq genlərinin skrininqi və ekspresiyasının tədqiqi, kəmiyyət və keyfiyyət əlamətlərinin assosiyativ və genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortalma prosesini sürətləndirilməsindən ibarətdir. Bununla yanaşı, yaxın gələcəkdə yeni nəsil sekvenser texnologiyasının mənimsənilməsi və bitki genetik ehtiyatlarında müqayisəli sekvens analizinin aparılması da əsas fəaliyyət istiqamətlərindəndir. Həmçinin, ikiqat haploid bitkilərin yaradılması istiqamətində biliklərin umumiləşdirilməsi və müvafiq şöbələrlə birlikdə ikiqat haploid bitkilərin yaradılması istiqamətində tədqiqatların aparılması da şöbənin fəaliyyət istiqamətinə daxildir. Şöbənin digər bir istiqaməti isə respublikaya gətirilən bitki genetik ehtiyatlarının genetik modifikasiya olunub olunmamasını müəyyən etmək və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik konsepsiyasının hazırlanmasından ibarətdir. 
Əsas elmi nəticələri
  1. 196 diploid buğdanın (T. monococcum, T. urartu, T. boeoticum) molekulyar genetik üsullarla duza davamlılıq genlərinə görə skrininqi zamanı Nax1 və Nax2 davamlılıq genlərinin diploid buğdalardan yalnız T.monococcumT.boeoticum-da olduğu müəyyən edilmişdir. Gen ekspresiyası analizi isə bu genlərin yalnız duza davamlı T.monococcum növünə aid nümunələrdə ekspresiya olunduğunu aşkar etmişdir.
  2. Fraqment analizi nəticəsində, ilk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq buğda növmüxtəlifliklərində (T. aestivum v. erythrospermum, T. aestivum v. albidum, T. aestivum v. meridionale, T. aestivum v. lutescens) və sortlarında (Əkinçi 84, Günəşli, Mirbəşir 128) gövdə pasına davamlılıq geni (Sr31) aşkarlanmışdır.
  3. Aparılan molekulyar skrininq nəticəsində yumşaq buğdanın Qrekum 75/50, Arzu, Zərdabi, Gürgənə-1, Mirbəşir 128, Əkinçi 84, Günəşli və Yeganə sortlarında sarı və qonur pasa davamlılığı təmin edən ilişikli Yr18/Lr34 genləri tapılmışdır.
  4. Fransa alimləri ilə birgə aparılan tədqiqatlar zamanı Qazaxıstan mənşəli yabanı ərik genotiplərinin şarka xəstəliyinə davamlılıq geni ilə ilişikli olan bir mikrosatelit markeri ilə  skrininqi nəticəsində bu xəstəliyə davamlı olan yeni nümunələr aşkar olunmuşdur.
  5. İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda, mərcimək və üzüm kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə,  genetik müxtəliflik və genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda, mərcimək və üzüm kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin olması təyin edilmişdir.