Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Nəbatat şöbəsi
Tel. (+994 36) 5542587; (+994 50) 6337571 
Faks  
Elektron poçtu teyyubpashayev@mail.ru 
Struktur bölmənin rəhbəri

Paşayev Teyyub Yunis oğlu

Biologiya üzrə fəlsəfə doktoru, dosent  
İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikası florasının nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitkilərinin öyrənilməsi, mühafizə yollarının tədqiqi və nəbatat bağında introduksiyası, muxtar respublika ərazisində yerli və kənardan gəlmə bəzi ağac və kol bitkilərinin introduksiyasi və onların istifadə imkanlarının araşdırılması.
Əsas elmi nəticələri

Naxçıvan Muxtar Respublikanın flora və fauna biomüxtəlifliyinə daxil olan nadir növlər, onların təbiətdəki müasir vəziyyəti, mühafizəsi və səmərəli istifadəsinə dair elmi-tədqiqat işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublika florasında ali bitkilərin müasir vəziyyəti öyrənilmiş, ilk dəfə olaraq ali bitkilər üzrə flora spektri hazırlanmış, ərazidə mövcud növlərin müasir vəziyyəti araşdırılmış, təbii ehtiyatı bol olan 1000-dən çox bitki növündən, təqribən 700-dən çoxunun dərman və ya texniki bitki kimi istifadə imkanları göstərilmiş, endemik, nadir və məhv olmaq təhlükəsi altında olan bitki növləri müəyyənləşdirilərək onların qorunması üçün tədbirlər planı və Naxçıvan Muxtar Respublikanın florasının Qırmızı Kitabı hazırlanılmışdır. Ərazi florasına 100-dən çox bitki növü, cinsi və fəsiləsi əlavə edilmişdir ki, onlardan da 3 növü Qafqaz florası üçün yenidir. Zəhərli və rəsmi dərman bitkilərinin yayılma zonaları və təbii ehtiyatı müəyyənləşdirilmişdir.

İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın şibyə florasının növ tərkibinin 38 fəsilə, 83 cinsə daxil olan 347 növ, 6 variasiya və 5 formadan ibarət olduğu müəyyən edilmişdir. Bunlardan 17 fəsilə, 35 cins və 138 növ Naxçıvan MR, 6 növ isə Qafqaz lixenoflorası üçün ilk dəfə olaraq qeyd olunmuşdur. 17 fəsilə 35 cins Naxçıvan Muxtar Respublika lixenoflorası üçün ilk dəfə olaraq göstərilmişdir. Floranın botaniki-coğrafi təhlili aparılmış növlərin coğrafi elementlər və areal tipləri üzrə paylanması məsələləri müəyyən edilmişdir.

Naxçıvan MR ərazisində şibyələrin rastgəlmə tezliyi, yüksəklik zonaları üzrə paylanma qanunauyğunluğu, müəyyən edilmişdir. Floranın antropogen dinamikası, tolerant növlər və onların zonalar üzrə paylanması öyrənilmiş və ərazinin üç əsas oroqrafik vahidi kimi Arazboyu düzənlik, orta dağlıq və yüksək dağlıq qurşaqları daxilində ekoloji cəhətdən fərqli olan beş müxtəlif zona müəyyənləşdirilmişdir. Bu zonalarda baş verən antropogen transformasiyalar, torpaq-bitki örtüyünün müasir vəziyyəti, növlərin zonalar üzrə müqayisəli xarakteristikası öyrənilmişdir. Naxçıvan MR-in nadir və məhv olma təhlükəsində qalan şibyə növləri dəqiqləşdirilmiş, nəticədə 47 növün arealının daralması, 26 növün isə az-az rast gəlinməsi müəyyən edilmiş və onların mühafizəsi tədbirləri işlənilib hazırlanmışdır. Muxtar respublikada zəfəranın öyrənilməsi məqsədilə aparılan elmi tədqiqat işlərinin nəticələrinə əsasən bu bitkinin regionun torpaq -iqlim şəraitinə tam uyğun olduğu, kifayət qədər məhsul verdiyi aparılan tədqiqatlarla sübut olunmuşdur. Əkilmə dərinliyinin, yumrusoğanaqların iriliyinin və əkin vaxtlarının, suvarma və demyə şəraitlərinin zəfəranın bioloji inkişafına, çiçəklənməsinə və məhsuldarlığına təsiri öyrənilmiş və iqtisadi baxımdan yüksək nəticələr alınmışdır. Naxçıvan Muxtar Respublikasında bəzi yerli və kənardan gəlmə ağac və kol bitkilərinin introduksiyası işləri aparılmış, bəzək–bağçılıqda, muxtar respublikanın yaşıllaşdırma işlərində istifadə olunma imkanları tövsiyə edilmişdir.

İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikası florasında Zəngçiçəyikimilər – Campanulaceae Juss. fəsiləsinə daxil olan bitkilər ətraflı və elmi əsaslarla tədqiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası florasında Campanulaceae fəsiləsinə daxil olan bitkilərin sistematik tərkibi, bioekoloji xüsusiyyətləri və fitosenoloji qruplaşmaları tədqiq olunmuş, istifadə imkanları araşdırılmış və nadir növlər müəyyən edilmişdir. Zəngçiçəyikimilər fəsiləsinin növ müxtəlifliyi tədqiq olunaraq, ərazidə bu fəsiləyə mənsub 3 cins, 20 növ və 6 variasiya aşkar edilmişdir. Naxçıvan MR-də yayılan Zəngçiçəyikimilər fəsiləsinin müasir taksonomik spektri tərtib edilmiş, coğrafi-areoloji təhlili aparılmış, coğrafi areal elementləri və areal tipləri müəyyənləşdirilmişdir. Zəngçiçəyikimilərin geobotaniki tədqiqi zamanı əmələ gətirdikləri fitosenozları və nadir assosiasiyaları öyrənilərək, onların müasir fitosenoloji təsnifatı verilmiş, assosiasiyaların növ tərkibi tədqiq edilməklə, senozəmələgətiriciləri müəyyən edilmişdir. Fəsilənin Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitablarına daxil olan 7 nadir növünün müasir vəziyyəti tədqiq edilərək, onlardan 4 növün yeni yayılma əraziləri aşkar edilmiş, iki növün isə muxtar respublika ərazisində yayılma ərazilərinin get-gedə kiçildiyi və gələcəkdə təhlükə altına düşə biləcəyi aşkar edilmişdir.