Təbiət muzeyi

 

Ünvan AZ7000, Naxçıvan şəhəri, Babək prospekti,10
Tel.  
Faks  
Elektron poçtu  
Yaranma tarixi  AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun nəzdində 2003-ci ildən fəaliyyət göstərir. 
Əsas fəaliyyət istiqamətləri Muzeydə flora və faunamızın bioloji müxtəlifliyi, o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlı növlər təbliğ edilir. Müxtəlif heyvan qrupları ilə bağlı tədqiqat aparan mütəxəssislər burada sərgilənən nüsxələrdən ilkin material kimi istifadə edir, təsvir və ölçmə işləri yerinə yetirirlər. 
Muzeyin ekspozisiyasına toplanılan eksponatlar

Muzeydə müxtəlif canlıların daşlaşmış qalıqları, skeletləri, qədim insanların əmək alətləri, quşların müxtəlifliyi ilə seçilən yuvaları və digər eksponatlarla zəngin muzeyin girişində muxtar respublikanın özünəməxsus torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən 50-dən çox buğda hibridi və seleksiya sortları sərgilənir. Floramızın yüksək müalicəvi xassələri ilə fərqlənən dərman bitkiləri, cövhərlər, qoz, badam, acı badam, ərik və şaftalı çəyirdəklərindən alınmış yağlar nümayiş etdirilir.

Muzeydə, həmçinin sututarlarımızda yayılmış və elmi tədqiqatçılar tərəfindən faunaya yeni daxil edilmiş balıq növləri, xüsusilə Kür uzunburunu, qızılxallı balıq, qambuziya və digər nümunələr var.

Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış 38 növ ilan və kərtənkələ eksponatları və bu eksponatlar arasında təbiətdə olduqca nadir rast gəlinən, tapılmasına illər sərf ediləcək növlər muzeyin digər bir bölməsinin ekspozisiyasını təşkil edir. Bütün Qafqazda ən iri fərdlərinə Araz su anbarında rast gəlinən uzunbarmaq çay xərçənginin və krevetin fərdləri də nümayiş etdirilir.

Onurğasız heyvanlara aid çoxlu sayda eksponat muzeyin növbəti bölməsinin ekspozisiyasını təşkil edir. Burada molyusk növləri, ali xərçənglər, o cümlədən həşəratlar sinfinə daxil olan sərtqanadlılar, kəpənəklər, vəhşi arılar, hörümçəkkimilər və su həyat tərzi keçirən müxtəlif orqanizmlərin sərgisi bölgənin zəngin onurğasız faunası haqqında təəssürat yaradır.

Təbiətsevərlərin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin üzünə hər zaman açıq olan bu mədəniyyət ocağında son illər açıq dərslər təşkil edilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Muzeydə tələbə və şagirdlər ərazinin fauna və florası ilə yaxından tanış olur, onlara zəngin təbii sərvətlərimizin qorunması və ekologiyaya aid tövsiyələr verilir.