 |
Struktur bölmənin
əsas elmi nəticələri: |
Kontakt-katalitik heterogen proseslərinin aparılması üçün kiçik dispersli
katalizatorların "qaynar lay" və birbaşa axınlı yeni yüksək səmərəli
sistemlərinin elmi əsasları işlənib hazırlanmış və bunun əsasında katalitik
krekinq sistemlərinin yeni nəsli-Q-43-107 sistemi yaradılmışdır.
Mövcud katalitik krekinq proseslərinin intensivləşdirilməsi və kiçik kapital
qoyuluşu ilə yüksək keyfiyyətli məhsulların alınmasına imkan verən yeni
proseslərin yaradılması istiqamətində tədqiqatlar aparılmışdır.
Q-43-107 katalitik krekinq qurğusunun bütün aparatlarının diaqnostikası
edilmiş və qurğunun işə salınma xüsusiyyətləri nəzərə alınmaqla tövsiyyələr
verilmişdir.
Aşağı temperaturlu krekinq, aşağı temperaturda zənginləşmə, müxtəlif
məqsədli katalitik krekinq proseslərinin yaradılması üzrə tədqiqatlar
aparılmış və katalitik krekinq prosesinin neft-kimya və dizel yanacağı
variantları üçün optimal parametrlər müəyyən edilmişdir.
İlk dəfə olaraq üzərinə buxar fazada yüksək dərəcədə dispersləşdirilmiş
metallarla hopdurulmuş katalizatorlardan istifadə edərək müxtəlif siniflərə
mənsub olan model karbohidrogenlərinin aşağı temperaturlarda (100-1500C)
parçalanmasının mümükünlüyü göstərilmişdir.
Katalitik krekinq və digər təkrar proseslərdən alınmış benzinlərin metanolla
alkilləşdirmə reaksiyaları seolit tərkibli katalizatorların iştirakı ilə
tədqiq edilmişdir. Prosesin ximizmi model karbohidrogenlərdə və məlum
tərkibli qarışıqlarda təsdiq edilmişdir. Polietilen təbəqəsinin katalitik
parçalanması prosesi tədqiq edilmiş və onun emalı üçün itkisiz qapalı
texnoloji tsikl təklif edilmişdir.
Oksigenli birləşmələrin (naften turşuları və onların törəmələrinin) seolit
tərkibli katalizatorların üzərində neft karbohidrogenlərinin katalitik
çevrilmələrinə təsirinin qanunauyğunluqları geniş tədqiq olunmuşdur; müəyyən
olunmuşdur ki, bağlı oksigenə malik əlavələrin ilkin xammala, xüsusilə
vakuumda qovulma məhsuluna daxil edilməsi benzinin çıxımını 3-5% artırmaqla
bərabər, koks əmələ gəlməsini iki dəfəyə qədər azaldır.
Bərk oksidləşmə promotorlarının dəyişkən valentli metal oksidlərinin seolit
tərkibli krekinq katalizatorlarının səthindəkoksun əmələ gəlmə və yanma
sürətinə və həmçinin CO-nun CO2-yə qədər yanma sürətinə təsiri tədqiq
olunmuşdur; promotorun bağlı oksigeninin reaksiyada iştirakı aşkar olunmuş
və promotorun kimyəvi təbiətini dəyişməklə, koksun və CO-nun CO2-yə qədər
yanma sürətinin tənzimlənməsinin mümkümlüyü müəyyən olunmuşdur.
CO2-nin iştirakı ilə aparılan katalitik krekinq prosesinin
qanunauyğunluqları öyrənilmişdir. Aşkar olunmuşdur ki, "zəif" oksidləşdirici
kimi karbon dioksidinin tətbiq olunması, həm koks fraqmentlərinin
oksidləşməsinə, həm də katalizatorun əsasi mərkəzlərinin təcrid olunmasına
gətirib çıxarır və nəticədə katalizator səthinin turşu xassələrinin
formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bundan başqa, reaksiya
mühitini bilavasitə reaksiya zamanı fəal oksigenlə təmin edən "zəif"
oksidləşdiricidən istifadə olunması, əsas etibarilə, katalizator səthində
gedən proseslərə, yəni koksun əmələ gəlməsinə təsir göstərir və praktiki
olaraq parçalanma məhsullarını oksidləşdirmədən reaksiyanı aparmağa imkan
verir.
İlkin turşu mərkəzlərinin koks fraqmentləri vasitəsilə əvvəlcədən təcrid
olunması və sərbəst vakansiyalara yeni funksiyaların verilməsi yolu ilə,
katalizatorun "yaddaşına" başlanğıc funksiyaların daxil edilməsinin yeni
prinsipial üsulu təklif olunmuşdur.
Kokslaşmış krekinq katalizatorunun karbon dioksidlə regenerasiyasının
mümkünlüyü müəyyən olunmuş və aşkar olunmuşdur ki, katalizatorun manqanla
modifikasiya olunması, prosesin sürətinin artmasına, metanın, hidrogenin və
karbon monooksidinin əmələ gəlməsinə və koksçıxarma sürətinin artmasına
səbəb olur.
Tərkibində seolit saxlayan alümosilikat katalizatorunun iştirakı ilə vakuum
qazoylunun və katalitik krekinq qazlarının birgə katalitik krekinqinin
qanunauyğunluqları tədqiq edilmiş və müəyyən edilmişdir ki, katalizatorun
üzərində koksəmələgəlmənin azalması ilə bərabər krekinqin yüngül
məhsullarının tərkibində doymamış karbohidrogenlərin miqdarı artır, orta
fraksiyalarda isə olefinlərin miqdarı azalır.
"Qreys Devison" firmasının seolittərkibli sənaye katalizatorunun iştirakı
ilə katalitik krekinq qazları ilə vakuum qazoylunun qarışığının katalitik
krekinq prosesinin qanunauyğunluqları tədqiq olunmuşdur. Müəyyən edilmişdir
ki, prosesdə qaz və koksun çıxımı az, benzin və onun oktan ədədi isə kifayət
qədər yüksəkdir. Bu da propan=propilen və butan-butilen fraksiyalarının
tərkibindəki reaksiya qabiliyyətli karbohidrogenlərin oliqoalkilləşmə və
izomerləşmə reaksiyaları ilə izah olunur.
Enerjiyə qənaət edən, vakuum qazoylundan benzinin çıxımını və onun oktan
ədədini xeyli artıran pirokondensatla vakuum qazoylunun qarışığının
katalitik krekinqinin yeni texnologiyası işlənib hazırlanmış və "Azərneftyanacaq"
İB-də tətbiq olunmuşdur.
Yeni sintez olunmuş yüksək səmərəliliyə malik (xammala görə sərfi 0,2%
təşkil edən) alüminium-haloid kompleksin iştirakı ilə pirolizin ağır
qətranından yüksək dərəcədə (99%) təmizliyə malik naftalinin və eyni zamanda
xassələri tənzim oluna bilən polimer örtükəmələgətiricinin alınmasını təmin
edən birmərhələli emal texnologiyası işlənib hazırlanmışdır. Tətbiq olunmaq
üçün təklif verilmişdir.
Yeni katalitik kompleksin tətbiqi ilə qatılığı 85%-dən az olmayan texniki
benzol fraksiyasının və onun əsasında təmizliyi 99,5%-dən az olmayan
etilbenzolun alınmasına imkan verən pirokondensatın azmərhələli kompleks
emal sxemi işlənib hazırlanmış və "Azərkimya" şirkətində sənayedə həyata
keçirilmişdir.
İlk dəfə olaraq (KTK-1) katalitik kompleksinin iştirakilə müxtəlif
qeyri-stabil və aşağı oktan ədədli (kokslaşma, katalitik krekinq)
benzinlərin BBF və PPF qazlar qarışığı ilə birgə emalı prosesi yaradılmışdır.
Müəyyən edilmişdir ki, benzin və qazlarda olan doymamış birləşmələrin 90-92%
alkilləşmə və oliqoalkilləşməyə məruz qalır. Bunun nəticisində yuxarı oktan
ədədli stabil avtomobil benzini və yüksək keyfiyyətli dizel yanacağı alınır.
AMEA Kimya Problemləri İnstitutu ilə birgə dəmirin yeni mono-alkil
bis-tsiklopentadienil törəməsi sintez edilmiş və müxtəlif benzinlərdə oktan
yüksəldici əlavə kimi tədqiq olunmuşdur.
Müəyyən edilmişdir ki, bu əlavə istər birbaşa qovulmuş, 53-64 oktan ədədli
benzinlərlə, istərsə də 64-69 oktan ədədli stabil qaz benzinlərinə əlavə
edildikdə, onların oktan ədədlərini 20-25 vahidə qədər qaldırmaq, bu
benzinləri uzun müddətə stabil saxlamaq və alınmış yüksək oktanlı benzin
qarışığında dəmirin miqdarını məlum ferrosen analoquna görə ~2,5 dəfə
azaltmaq imkanı verir. |