Bazarlar və mağazalar yalnız anbar funksiyasını daşımaqla şəhər kənarına köçəcək.
Elektron kommersiya artıq leksikonumuza bir termin kimi daxil olmaqla yanaşı, cəmiyyətdə praktiki olaraq geniş istifadə olunmağa başlayıb. Elektron kommersiyanı aktuallaşdıran isə İnternet texnologiyalarıdır. İnternet meydana çıxanda hələ heç kəs proqnoz verə bilmirdi ki, müəyyən müddətdən sonra elektron kommersiya deyilən bir xidmət meydana gələcək. Çünki 1969-cu ildə İnternet yaranarkən onun əsas təyinatı müxtəlif şəhərlərdə yerləşən hesablama maşınlarını, yəni kompüterləri bir-birinə birləşdirməklə müxtəlif çətin məsələləri həll etmək idi.
Ancaq bir neçə ildən sonra məlum oldu ki, bu işi görən şəbəkə çətin hesablamaları aparmaqla yanaşı, informasiya daşımaq imkanına da malikdir. Elə bu səbəbdən də elektron poçt deyilən xidmət meydana çıxdı. Bu xidmət həmçinin hərbi məqsədlər üçün, yəni hava hücumundan müdafiə sistemləri arasında operativ əlaqə yaratmaq, mümkün ola biləcək raket hücumuna qarşı tədbirlər görmək naminə istifadə edilirdi. Mülki baxımdan isə bu şəbəkənin təyinatı universitetlərdə aparılan elmi-tədqiqat işlərinin tələbatlarını ödəmək idi.
Bir müddətdən sonra isə kompüterlərdə müxtəlif informasiya resursları meydana çıxır və 1991-ci ildə ümümdünya hörümçək toru şəbəkəsi adlandırılan veb-saytlar şəbəkəsinin əsası qoyulur. Veb-sayt ilk dəfə Avropa Nüvə Tədqiqatları İnstitutunun elmi əməkdaşı Tim Bernest Li tərəfindən yaradılır və hiper-mətn texnologiyasının əsası qoyulur. 1991-ci ildə ilk veb-sayt yaradıldı. Artıq veb-saytların sayı 170 milyondan artıqdır. 18 il ərzində bu qədər artımın olması deməyə əsas verir ki, yaxın gələcəkdə veb-saytların sayı milyardlarla ölçüləcək. Bütün insanlar tədricən bu hörümçək torunda yaxşı mənada öz yerlərini tutacaqlar. Bu veb-saytların sonu yoxdur, çünki bunlar fərdiləşir və artıq bloqlar, sosial şəbəkələr şəklində meydana çıxır. Yəni, insanlar bir-biri arasında xəbərləşə bilməklə yanaşı, informasiya tələbatını şəbəkə vasitəsi ilə ödəyə bilər. Beləliklə, dünyada yeni - altıncı «okean»ın (beşincisi, atmosfer okeanıdır) meydana çıxması yer kürəsində insanlar arasında virtual cəmiyyətlərin yaradılmasına şərait yaradıb.
İnformasiya texnologiyaları həyatımızın müxtəlif sahələrinə nüfuz edir. Bu zaman kommersiya münasibətləri də kənarda qalmır. Ta qədimdən bazar alıcı ilə satıcının görüş məkanı olmaqla 3 əsas funksiyanı yerinə yetirib. Birincisi, satılan malların saxlanc yeri olan anbarlar və ya mağazalar olmalıdır. İkincisi, satılan malların nümunələrini əks etdirən vitrinlər və ya piştaxtalar olmalıdır. Alıcı malların saxlandığı mağazaya daxil olaraq vitrinə baxır, bu zaman informasiya axtarmaqla tələbatını ödəyir və qərar qəbul edir ki, hansı məhsulu alsın. Üçüncüsü isə, alqı-satqı münasibətlərinin həyata keçirilməsidir. Bu mərhələdə alıcı məhsulu almaq üçün ödəniş formasını həyata keçirir. Beləliklə, alqı-satqı münasibətlərinin həyata keçirildiyi fiziki məkanda əsas 3 funksiya yerinə yetirilir.
Zaman keçdikcə yeni kommunikasiya vasitələlərinin meydana çıxması bazar münasibətlərinə də təsirini göstərir. Yəni, telefonun, teleqrafın, radio, televizor və digər kommunikasiya vasitələrinin meydana çıxması ilə məlumat bir məkandan kənara çıxır. Bununla da, kommunikasiya vasitəsilə məlumatlar uzaq məkana ötürülə bilər. Ancaq burada kommersiyanın dayağı olan üçüncü funksiya reallaşa bilmir. İnformasiya bolluğu isə artmaqda davam edir. Artıq burada elektron kommersiyanın müəyyən görüntüləri üzə çıxır. İnternetin yaratdığı imkanlar kimi olmasa da, artıq kommunikasiya alıcı ilə satıcı arasında münasibətlərə daxil olur. Elə buna görə də, demək olar ki, elektron kommersiyanın səviyyəsi mövcud olduğu dövrün kommunikasiya vasitələrinin imkanları ilə ölçülür.
Elektron kommersiya mühitində adi kənd mağazası belə məhdud çərçivədən çıxaraq bir yaşayış məntəqəsinin deyil, artıq dünyəvi bir mağazaya çevrilir. Çünki dünyanın istənilən nöqtəsindən həmin mağazanın veb-saytına daxil olmaqla məhsulları ilə tanış olmaq və əldə etmək olur. Həmçinin veb-saytda mağazanın bağlanması anlayışı yoxdur. 24 saat ərzində günün istənilən vaxtında həmin mağaza alıcının xidmətində durur.
İnternetin inkişafı və elektron kommmersiyanın yayılması ilə biz kommersiyanın yuxarıda qeyd etdiyimiz əsas 3 baza funksiyasının vəziyyətinin necə olacağını nəzərdən keçirə bilərik. Elektron kommersiya mühitində dəbdəbəli mağazalara, supermarketlərə, hətta bazarlara ehtiyac qalmır. Yəni, yalnız anbar funksiyasını daşıması xatirinə şəhər mərkəzlərində bahalı təmir müqabilində mağazaların yaradılmasına ehtiyac qalmır. İnternet potensial alıcılara veb-saytlar vasitəsilə istənilən şirkətin hər hansı məhsulunu almaq üçün tam şərait yaradır. Belə olduğu təqdirdə vaxt itirərək həmin mağazaya getmək də lazım gəlmir. Elektron ödəniş həyata keçirildikdə yalnız mağazaların anbar funksiyası qalmış olur ki, bu zaman bərbəzəkli mağazalarla yanaşı, satıcılara da ehtiyac qalmır. Təbii ki, anbarlar standartlara və məhsulların saxlanması üçün bütün normalara cavab verməlidir. Beləliklə, ictimai yerlərdə mağazalar ləğv ediləcək. Mağazalar anbarlaşdıqca şəhər binalarının birinci mərtəbəsində alqı-satqı əməliyyatlarının aparıldığı obyektlərə də ehtiyac duyulmayacaq. Bununla da, elektron kommersiya çox böyük rahatlıq yaratmaqla yanaşı, şəhərlərin də simasını dəyişəcək.
Onlayn kommersiyanın meydana çıxması bəşəriyyətin indiyə qədər qarşısında duran ciddi problemlərdən birini həll etmiş olur. Bu da bazarlarda informasiya assimmetriyası problemidir. Yəni, satıcı məhsulunun kimə satılması barədə əvvəlcədən məlumata malik olmadığı kimi, alıcı da konkret olaraq kimdən məhsulu alacağı barədə məlumatsızlıq problemi ilə üzləşir. Yəni informasiyanın balansının pozulması kommersiya münasibətlərinin əsas özəyini təşkil edib. Elektron kommersiya isə informasiyanın assimmetrikliyini, simmetrikliyə doğru aparıb çıxarır ki, bunun nəticəsində də satıcı ilə alıcı arasında informasiya bolluğu yaradılır. İnternet üzərindən həyata keçirilən bu imkanlar bazarda vasitəçilər deyilən böyük bir institutu da aradan çıxaracaq. Satıcı ilə alıcı arasında vasitəçilər olmadan yaranan əlaqə, istər-istəməz, məhsulun dəyərini aşağı salacaq.
Elektron kommersiyanın tətbiq edildiyi ilkin proses informasiya alqı-satqısıdır. Məsələn, əvvəllər kitab ticarəti bütün dünyada geniş yayılmışdı. Bakı şəhərində çoxlu sayda kitab mağazaları var idi. Hazırda isə paytaxtımızda barmaqla sayılacaq qədər kitab mağazası qalıb. XV əsrdən etibarən insanlara xidmət edən kitab artıq XXI əsrdə informasiya daşıyıcısı kimi xarakterini dəyişərək elektron müstəviyə keçir. Eyni zamanda, qeyd etmək zəruridir ki, informasiya xarakterli əmtəələr kommersiyanın 3 baza funksiyası üzrə elektron kommersiyanın tətbiqi ilə aradan qaldırılmış olur. Yəni maddi əmtəədə anbar funksiyası qalmalı olduğu halda, informasiya xarakterli əmtəədə 3-cü funksiyanı da İnternet həyata keçirə bilir.
Ölkəmizdə də elektron kommersiyanın tətbiqi prosesi yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu işə böyük diqqət və qayğı göstərir. Ölkəmizdə bu proses informasiya cəmiyyəti quruculuğu siyasəti çərçivəsində həyata keçirilir. Beynəlxalq qurumlar ölkəmizdə bu istiqamətdə həyata keçirilən prosesləri yüksək qiymətləndirirlər. İldən-ilə ölkəmiz bu sahədə bir çox ölkələri qabaqlayır və regionda aparıcı dövlətə çevrilir. Eyni zamanda, ölkə daxilində İnternetin hər bir ailəyə, həmçinin tədrisə daxil olması Azərbaycanda elektron kommersiyanın yayılmasına geniş yol açır. Azərbaycan «Elektron ticarət haqqında» qanun qəbul edən azsaylı ölkələr sırasındadır. Bu istiqamətdə müxtəlif normativlər və qaydalar müəyyən edilib ki, elektron kommersiya üçün lazımi şərait yaradılsın.
Artıq ölkəmizdə elektron kommersiyanın təzahürləri görünür. Mağazaların üzərində, şirkətlərin reklamlarında veb-saytların adları nümayiş etdirilir. İnternet vasitəsilə ölkəmizdə xidmət göstərən şirkətlərin saytına daxil olmaqla lazımi məlumatlar əldə etmək olur. Son zamanlarda ödəmə əməliyyatının həyata keçirilməsi imkanı da yaradılıb. Artıq ilk sınaqlar həyata keçirilib. Müxtəlif kommunal xidmətlər üzrə ödənişlərin virtual şəkildə reallaşdırılması, vergi ödəmələrinin elektron formada həyata keçirilməsi və s. üçün artıq real imkanlar mövcuddur. Bu proses regionlarda sosial-iqtisadi inkişafa müsbət təsir göstərir. Çünki İnternet artıq bütün rayonları və kəndləri əhatə edir. Paralel olaraq mobil telefonlar da elektron kommersiyanın təzahürləri kimi çıxış edir. Mobil telefonlar vasitəsilə nəinki danışmaq, artıq İnternetlə təmasda olmaq mümkündür.
Lakin elektron kommersiyanın daha geniş yayılmasını əngəlləyən problemlər də mövcuddur. Bu da, əsasən, biz çox biznesmenlərin İKT təfəkkürünün zəif olmasından, xüsusən, kompüterlə işləmək vərdişlərinin olmamasından irəli gəlir. Həmçinin elektron kommersiya yeni bir xidmət sahəsi olduğu üçün onlar veb-saytların imkanlarını kifayət qədər qiymətləndirə bilmirlər. Dövlət tərəfindən bu istiqamətdə hər cür texniki dəstək göstərilsə də, şirkətlərin veb-saytlarının nisbətən az olması, kadrların çatışmazlığı müşahidə edilir. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti haldır və yaxın gələcəkdə ölkəmizdə elektron ticarət geniş yayılacaq.
Rasim Əliquliyev
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
“Əmlak bazarı” Analitik informasiya jurnalı, iyun, 2009-cu il